image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

“Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”

image-legitimaz-810x90

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”

 

 

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin tarixi kökləri XX əsrin əvvəllərinə, Azərbaycanın siyasi və iqtisadi həyatında mühüm dəyişikliklərin baş verdiyi dövrə təsadüf edir. Həmin dövrdə Bakı neft sənayesinin beynəlxalq əhəmiyyətinin artması, Xəzər hövzəsinin enerji ehtiyatlarına xarici marağın güclənməsi və Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinin genişlənməsi Britaniya ilə münasibətlərin formalaşmasında mühüm rol oynamışdır. Britaniya şirkətlərinin Bakı neft sənayesinə marağı iki ölkə arasında ilkin iqtisadi təmasların yaranmasına və gələcək əməkdaşlıq üçün zəmin formalaşmasına şərait yaratmışdır.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan-Britaniya münasibətləri yeni siyasi məzmun qazanmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq münasibətlər sistemində layiqli yer tutması istiqamətində həyata keçirdiyi diplomatik fəaliyyət çərçivəsində Böyük Britaniya ilə əlaqələr də mühüm əhəmiyyət daşımışdır. Beləliklə, XX əsrin əvvəllərində yaranmış iqtisadi və siyasi təmaslar iki ölkə arasında münasibətlərin tarixi əsaslarını formalaşdırmışdır.

Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsi ilə bu əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanıması və 1992-ci il martın 11-də diplomatik münasibətlərin qurulması ikitərəfli əməkdaşlığın inkişafında mühüm tarixi hadisələr olmuşdur. Sonrakı dövrdə hər iki ölkədə diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması siyasi dialoqun institusional əsaslarını möhkəmləndirmiş, qarşılıqlı münasibətlərin müxtəlif istiqamətlər üzrə genişlənməsinə imkan yaratmışdır.

Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik xarici siyasət Azərbaycan-Britaniya münasibətlərinin inkişafında müstəsna rol oynamışdır. Ulu Öndər Heydər Əliyevin 1994 və 1998-ci illərdə Böyük Britaniyaya rəsmi səfərləri, aparılan yüksək səviyyəli danışıqlar və əldə edilmiş razılaşmalar ikitərəfli əlaqələrin siyasi əsaslarını daha da möhkəmləndirmişdir. Xüsusilə, 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki dövlət arasında münasibətlərin inkişafına mühüm töhfə vermişdir. Bu sənədlər gələcək strateji əməkdaşlığın formalaşması üçün etibarlı siyasi platforma yaratmışdır. Azərbaycan-Britaniya münasibətlərinin inkişafında enerji əməkdaşlığı xüsusi yer tutur. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında, ölkəyə xarici investisiyaların cəlb edilməsində və beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsində dönüş nöqtəsi olmuşdur. Böyük Britaniyanın BP şirkətinin Azərbaycanın neft-qaz sektorunda iştirakı, “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi və “Şahdəniz” layihəsinin həyata keçirilməsi iki ölkə arasında uzunmüddətli iqtisadi tərəfdaşlığın əsas istiqamətlərini müəyyən etmişdir. Bu əməkdaşlıq yalnız enerji hasilatı və ixracı ilə məhdudlaşmamış, Azərbaycanın iqtisadi inkişafına, beynəlxalq investisiya mühitinin formalaşmasına, müasir texnologiyaların tətbiqinə və təcrübə mübadiləsinə də mühüm töhfə vermişdir.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan-Britaniya münasibətləri ənənəvi enerji əməkdaşlığından daha geniş məzmun kəsb etməyə başlamışdır. Siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlərin və məsləhətləşmələrin davam etdirilməsi, iqtisadi əlaqələrin şaxələndirilməsi iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət etmişdir. 2016-cı ildə xarici işlər nazirlikləri səviyyəsində Strateji Dialoq mexanizminin yaradılması da bu istiqamətdə mühüm addım olmuşdur.

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasında tarixən formalaşmış dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəldilməsini ifadə edən mühüm siyasi sənəd kimi qiymətləndirilir. Bəyannamə tərəflər arasında mövcud siyasi etimadın daha da möhkəmləndirilməsi, qarşılıqlı maraqların uzlaşdırılması və uzunmüddətli əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bəyannamədə əməkdaşlığın mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsi ilə bağlıdır. Bu sahədə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, hərbi təlim və kadr hazırlığı, institusional potensialın artırılması, müdafiə sənayesi üzrə mümkün təşəbbüslərin araşdırılması, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və sərhəd idarəçiliyi məsələləri ikitərəfli əlaqələrin yeni istiqamətləri kimi diqqətə çatdırılır. Müasir dövrdə beynəlxalq təhlükəsizlik mühitinin mürəkkəbləşməsi, yeni təhdid və çağırışların meydana çıxması bu sahədə əməkdaşlığın əhəmiyyətini daha da artırır. Dublin Bəyannaməsinin imzalanması Azərbaycanın regional və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığı, regional kommunikasiyaların açılması, nəqliyyat marşrutlarının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin olunmasının beynəlxalq gündəlikdə mühüm yer tutduğu bir şəraitdə Böyük Britaniya ilə strateji tərəfdaşlığın inkişafı Azərbaycanın xarici siyasət imkanlarını genişləndirir. Böyük Britaniyanın beynəlxalq siyasi və iqtisadi sistemdəki mövqeyi, Azərbaycanın isə enerji resursları, tranzit imkanları və əlverişli geostrateji mövqeyi bu əməkdaşlığın qarşılıqlı maraqlara əsaslandığını təsdiq edir. Bununla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət məsələlərinin ikitərəfli münasibətlərdə əhəmiyyəti Azərbaycanın xarici siyasətinin fundamental prinsipləri ilə uzlaşır. Regional sülhün və sabitliyin təmin olunması, dövlətlər arasında etimad mühitinin möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi həm Azərbaycanın, həm də beynəlxalq tərəfdaşlarının maraqlarına xidmət edir.

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki