Azərbaycan – Böyük Britaniya münasibətlərində yeni mərhələ
Dövlətlər arasında münasibətlərin inkişafı qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanır. Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət ölkəmizin dünyanın aparıcı dövlətləri ilə əlaqələrinin genişlənməsinə, beynəlxalq mövqeyinin möhkəmlənməsinə şərait yaradır. Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də bu siyasətin mühüm nəticələrindən biridir.
İki ölkə arasında əlaqələrin uzun tarixi var. Müstəqilliyimizin ilk illərindən başlayan əməkdaşlıq Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində daha da möhkəmlənib. Xüsusilə enerji sahəsində qurulan tərəfdaşlıq Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafında mühüm rol oynayıb. Britaniya şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə iştirakı iqtisadi əlaqələrin genişlənməsinə və xarici investisiyaların cəlb olunmasına töhfə verib. 2026-cı il noyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhəm tərəfindən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu. Bu sənəd iki ölkə arasında əməkdaşlığın daha geniş sahələri əhatə etməsini və gələcək əlaqələrin yeni istiqamətlər üzrə inkişafını nəzərdə tutur.
Bəyannamədə üç əsas istiqamət – müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya xüsusi yer tutur. Müdafiə və təhlükəsizlik sahəsində təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi diqqət mərkəzindədir. Sənəddə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması məsələlərinə də toxunulur. İqtisadi əməkdaşlıq baxımından sənədin əhəmiyyəti olduqca böyükdür. Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin enerji resursları və tranzit imkanları ölkəmizi beynəlxalq iqtisadi əlaqələrdə mühüm tərəfdaşa çevirir. Xüsusilə Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin artırılması hər iki ölkə üçün yeni perspektivlər yaradır. Bəyannamədə yaşıl enerji sahəsinə də xüsusi diqqət yetirilir. Azərbaycan günəş və külək enerjisi potensialından istifadə etməklə iqtisadiyyatını şaxələndirməyə çalışır. Bu istiqamətdə Böyük Britaniya ilə əməkdaşlıq yeni texnologiyaların və investisiyaların ölkəmizə cəlb olunmasına imkan yarada bilər. Sənədin digər mühüm istiqaməti təhsil, elm və innovasiyadır. Müasir dövrdə ölkələrin inkişafı yalnız iqtisadi imkanlarla deyil, həm də bilikli və peşəkar insan potensialı ilə ölçülür. Ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, elmi tədqiqatlar, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində əməkdaşlıq Azərbaycan gəncləri üçün yeni imkanlar aça bilər.
Birgə Bəyannamənin imzalanması Azərbaycanın beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsinin və ölkəmizə olan etimadın göstəricisidir. Bu sənəd iki dövlət arasında mövcud münasibətləri daha da möhkəmləndirməklə yanaşı, gələcək üçün konkret əməkdaşlıq istiqamətləri müəyyən edir. Ən əsası, Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı yalnız siyasi və iqtisadi əlaqələrin inkişafı deyil, həm də yeni biliklərin, texnologiyaların və imkanların paylaşılması deməkdir. Qarşılıqlı faydaya əsaslanan bu əməkdaşlığın gələcəkdə hər iki ölkənin inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyeva


















