Təhsil, elm və innovasiya
Dövlətlərin uzunmüddətli inkişafını müəyyən edən əsas amillərdən biri insan kapitalıdır. Müasir dünyada iqtisadi rəqabət qabiliyyəti, texnoloji tərəqqi və sosial rifah yalnız təbii resurslar və maliyyə imkanları ilə deyil, həm də cəmiyyətin bilik və bacarıq potensialı ilə ölçülür. Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə təhsil, elm və innovasiya sahələrinə xüsusi yer ayrılması bu reallığın ifadəsidir.
Bəyannamədə təhsil, elmi tədqiqatlar və innovasiyanın uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın əsas amilləri olduğu təsdiqlənir. Bu yanaşma iki ölkə arasında əməkdaşlığın yalnız iqtisadi və siyasi maraqlarla məhdudlaşmadığını, eyni zamanda insan kapitalının inkişafına istiqamətləndiyini göstərir. Sənəddə ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, dövlət sektorunda təlim və idarəetmə təcrübəsinin mübadiləsi kimi məsələlər xüsusi diqqət mərkəzindədir. Bu istiqamətlər müasir əmək bazarının tələblərinə cavab verən, yeni texnologiyalara uyğunlaşa bilən peşəkar kadrların hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsinin nəzərdə tutulması gələcəyin iqtisadiyyatına keçid baxımından diqqətəlayiqdir. Universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlığın inkişafı yeni texnologiyaların yaradılmasına və tətbiqinə əlavə imkanlar aça bilər.
Bəyannamədə həyat elmləri, inkişaf edən texnologiyalar və rəqəmsallaşma sahələrində əməkdaşlığın təşviqi də müasir dövrün çağırışlarına uyğun yanaşmadır. Bu sahələrdə birgə fəaliyyət elmi potensialın gücləndirilməsinə, innovativ ideyaların praktik nəticələrə çevrilməsinə xidmət edə bilər. Sənədin mühüm istiqamətlərindən biri də insanlararası əlaqələrin və peşəkar şəbəkələrin genişləndirilməsidir. Çünki xalqlar arasında qarşılıqlı anlaşma, mədəni əlaqələr və birbaşa ünsiyyət dövlətlərarası münasibətlərin davamlılığını təmin edən əsas amillərdəndir.
Azərbaycan-Böyük Britaniya təhsil və innovasiya tərəfdaşlığı gələcək nəsillərin bilik və bacarıqlarının inkişafına, elmi əməkdaşlığın genişlənməsinə və iki ölkə arasında uzunmüddətli dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edən mühüm perspektivlər yaradır.
Pərviz Əsgərov – Zərdab rayonu Alıcanlı kənd sakini




















