- 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti
Azərbaycanın müasir tarixində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması və beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət mühüm mərhələlərlə yadda qalıb. Bu mərhələlər sırasında 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində keçirilən üçtərəfli görüş və imzalanan Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti DonaldTramp və Ermənistanın Baş naziri NikolPaşinyanın iştirakı ilə Ağ Evdə keçirilən görüş Cənubi Qafqazda sülhün və əməkdaşlığın gələcəyi baxımından diqqətəlayiq diplomatik hadisə oldu. Bu görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda Birgə Bəyannamə imzalandı. Sənədin əsas istiqamətlərindən biri iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması ilə bağlı razılaşdırılmış mətnin əldə olunması idi. Görüş zamanı Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Sazişin razılaşdırılmış mətnini parafladılar. Burada mühüm məqam ondan ibarət idi ki, sənədin paraflanması onun imzalanması və ratifikasiyası istiqamətində növbəti addımların atılmasını zəruri edirdi. Eyni zamanda, tərəflər ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciəti də imzaladılar. Bu qərar uzun illər davam edən münaqişənin diplomatik müstəvidə həlli prosesində yeni mərhələnin formalaşması baxımından əhəmiyyətli idi. Bəyannamədə diqqət çəkən əsas məsələlərdən biri də regionda nəqliyyat və kommunikasiya əlaqələrinin açılması ilə bağlı müddəalar idi. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə maneəsiz bağlantının təmin edilməsi, bununla yanaşı, Ermənistan üçün də qarşılıqlı faydalı nəqliyyat imkanlarının yaradılması nəzərdə tutulurdu. Bu istiqamətdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin çərçivəsinin hazırlanması məsələsi də öz əksini tapdı. Mənim fikrimcə, bu müddəaların əhəmiyyəti yalnız nəqliyyat əlaqələrinin bərpası ilə məhdudlaşmır. Çünki regionda kommunikasiyaların açılması ticarətin genişlənməsinə, iqtisadi əlaqələrin inkişafına, yeni investisiya imkanlarının yaranmasına və dövlətlər arasında qarşılıqlı asılılığın sülhə xidmət edən formalarının güclənməsinə şərait yarada bilər. Burada əsas prinsip dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət edilməsidir. Vaşinqton Bəyannaməsində də bu prinsiplər xüsusi olaraq vurğulanıb. Sənədin digər mühüm istiqaməti keçmiş münaqişənin yaratdığı düşmənçilik mühitindən uzaqlaşaraq gələcəyə yönəlmiş münasibətlərin qurulması ilə bağlı idi. Tərəflər BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığını və ərazi əldə etmək məqsədilə güc tətbiqinin yolverilməzliyini əsas götürən yanaşmanı bir daha təsdiqlədilər. Bu yanaşma regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan üçün sülh prosesi yalnız diplomatik sənədin imzalanması deyil, həm də müharibədən sonrakı dövrdə əldə olunmuş reallıqların beynəlxalq hüququn prinsipləri əsasında möhkəmləndirilməsi deməkdir. Ölkəmizin qarşıya qoyduğu əsas məqsədlərdən biri regionda yeni müharibə təhlükəsinin aradan qaldırılması, iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradılması və gələcək nəsillərin daha təhlükəsiz mühitdə yaşamasıdır. Təbii ki, imzalanmış Bəyannamənin müddəalarının real nəticələr verməsi onların ardıcıl şəkildə həyata keçirilməsindən, tərəflərin üzərinə götürdükləri öhdəliklərə əməl etməsindən və qarşılıqlı etimadın formalaşmasından asılıdır. Bu baxımdan Vaşinqton görüşünü yekun nəticədən daha çox, sülh prosesində mühüm diplomatik mərhələ kimi qiymətləndirmək məqsədəuyğundur. 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, regional məsələlərin həllində diplomatik fəaliyyətini və gələcəyə hesablanmış əməkdaşlıq yanaşmasını bir daha gündəmə gətirdi. Hesab edirəm ki, Cənubi Qafqazda davamlı sülhün təmin olunması təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə regionun gələcək inkişafı üçün vacibdir. Bu sənədin tarixi əhəmiyyəti də məhz ondan ibarətdir ki, o, uzun illər münaqişə ilə yadda qalan bir regionda yeni münasibətlərin qurulması, nəqliyyat əlaqələrinin inkişafı və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün siyasi zəmin yaratdı. Əsas məsələ bu imkanların əməli nəticələrə çevrilməsi və regionda sülhün davamlı xarakter almasıdır.
Sevil Mecidli – Zərdab Gənclər evi Dərnək rəhbəri




















