Azərbaycan – Böyük Britaniya əməkdaşlığında müdafiə və təhlükəsizlik prioritetləri
Hər bir dövlətin inkişafı və gələcəyini inamla qurması üçün ilk növbədə təhlükəsizliyinin təmin olunması vacibdir. Müstəqilliyin qorunması, sərhədlərin toxunulmazlığı, ölkədə sabitliyin möhkəmləndirilməsi və mümkün təhdidlərin qarşısının alınması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
2026-cı il noyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhəm tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə müdafiə və təhlükəsizlik məsələlərinə xüsusi yer ayrılıb. Sənəd iki ölkənin bu sahədə qarşılıqlı əməkdaşlığı gücləndirmək və mövcud imkanlardan birgə istifadə etmək niyyətini əks etdirir. Bəyannamədə ilk növbədə müdafiə sahəsində təlimlərin, təcrübə mübadiləsinin və mütəxəssis hazırlığının inkişaf etdirilməsi nəzərdə tutulur. Bu, Azərbaycan üçün müasir hərbi biliklərin öyrənilməsi, peşəkar hazırlığın artırılması və müdafiə imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi imkanlarının araşdırılması da sənəddə öz əksini tapıb.
Təhlükəsizlik yalnız hərbi sahə ilə məhdudlaşmır. Bu gün sərhədlərin qorunması, hüquq pozuntularına qarşı mübarizə, qanunun aliliyinin təmin edilməsi və dövlət qurumlarının fəaliyyətinin gücləndirilməsi də mühüm məsələlərdir. Bu baxımdan Bəyannamədə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın, sərhəd idarəçiliyinin, məhkəmə və hüquqi əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur. Sənədin digər mühüm tərəfi regional sülh və sabitliyə verilən diqqətdir. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün təmin olunmasını vacib hesab edir. Böyük Britaniya da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, birbaşa dialoqun davam etdirilməsi və regionda uzunmüddətli sülhün əldə olunması istiqamətində səylərə dəstəyini ifadə edir.
Müasir dünyada təhlükəsizlik bir dövlətin deyil, bütün ölkələrin ortaq məsuliyyətidir. Buna görə də Azərbaycan və Böyük Britaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi də əhəmiyyət daşıyır. Qarşılıqlı təcrübə və fikir mübadiləsi ümumi təhlükəsizlik çağırışlarına daha səmərəli yanaşmağa imkan verir. Ümumilikdə, Birgə Bəyannamənin müdafiə və təhlükəsizlik sahəsinə dair müddəaları Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni əməkdaşlıq imkanları yaradır. Bu əməkdaşlığın əsas məqsədi hərbi hazırlığın, təhlükəsizlik imkanlarının və institusional əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı, regionda sülh və sabitliyə töhfə verməkdir. Çünki təhlükəsizliyin möhkəm olduğu yerdə inkişaf, rifah və gələcəyə inam üçün daha geniş imkanlar yaranır.
Zərdab rayon Dəkkəoba kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Səlim Zeynalov


















