-
- Noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın Baş naziri NikolPaşinyanla görüşü iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesində növbəti mühüm addım oldu. Bir neçə il əvvəl təsəvvür edilməsi çətin olan belə görüşlərin bu gün müntəzəm xarakter alması sülh gündəliyinin real məzmun qazandığını göstərir.Prosesin əsası 2025-ci il avqustun 8-də Vaşinqtonda qoyulub. Həmin gün liderlər birgə bəyannamə imzalayıb, xarici işlər nazirləri isə sülh sazişinin mətnini paraflayıblar. Ötən müddət əldə olunan razılaşmaların kağız üzərində qalmadığını, ardıcıl əməli addımlarla müşayiət olunduğunu təsdiqləyir.Azərbaycan Ermənistana gedən yüklərin öz ərazisindən tranzitinə olan məhdudiyyəti aradan qaldırıb. Rəsmi məlumata görə, ötən ilin noyabrından indiyədək Azərbaycan ərazisindən Ermənistana 105 min ton yük daşınıb. Ötən ilin dekabrında Azərbaycanın neft məhsulları ilk dəfə Ermənistana yola salınıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar–iyul aylarında Ermənistana təxminən 17,4 milyon dollar dəyərində məhsul ixrac olunub. Bu göstəricilər otuz ildən artıq qapalı qalan iqtisadi əlaqələrin bərpasının başlandığını göstərir.Dublin görüşü bu xəttin davamı kimi qiymətləndirilməlidir. Açıqlanan məlumata görə, liderlər TRIPP marşrutunun dəmir yolu və avtomobil yolu hissələrinin layihələndirilməsini, ticarət əlaqələrini, sərhədin delimitasiyasını, gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsini və transsərhəd su ehtiyatlarının idarə olunmasını müzakirə ediblər. Gündəliyin məzmunu göstərir ki, tərəflər artıq münaqişənin nəticələrini deyil, qonşuluq münasibətlərinin gələcəyini müzakirə edirlər.Prosesin yalnız rəsmi səviyyə ilə məhdudlaşmaması da əhəmiyyətlidir. “Sülh körpüsü” təşəbbüsü çərçivəsində iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı səfərlər edir, birbaşa dialoq aparırlar. Növbəti görüşün ilin sonuna qədər Ermənistanda keçiriləcəyi açıqlanıb. Cəmiyyətlər arasında etimadın formalaşması davamlı sülhün əsas şərtlərindən biridir.Bununla yanaşı, proses hələ başa çatmayıb. Sülh sazişi paraflansa da, imzalanmayıb. Azərbaycan Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasını gözləyir və bu məsələ öz həllini tapmalıdır. Ermənistanın Baş naziri Dublin görüşündən sonra bildirib ki, tərəflərin daimi sülh üçün “çox real və tarixi şansı” var və bu fürsəti əldən vermək bağışlanmaz olardı.Azərbaycan xalqı ərazi bütövlüyünün bərpası uğrunda verilən qurbanları daim ehtiramla yad edir. Məhz bu qurbanların hesabına yaranan yeni reallıq bölgədə davamlı sülh üçün imkan açıb. Normallaşma istiqamətində atılan hər bir addım alqışlanmalıdır, çünki sülhün bəhrəsini ilk növbədə gələcəyini təhsildə, əməkdə və sahibkarlıqda quracaq gənc nəsil görəcək.
Kamal Xəlilov – Zərdab Gənclər evi SXM, Dərnək rəhbəri


















