image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Yaşıl enerji və enerji təhlükəsizliyi  

image-legitimaz-810x90

Yaşıl enerji və enerji təhlükəsizliyi

 

Enerji təhlükəsizliyi müasir dünyanın ən mühüm iqtisadi və siyasi məsələlərindən biridir. Qlobal enerji bazarlarında baş verən dəyişikliklər, iqlim problemləri və yeni texnologiyaların inkişafı dövlətlərin enerji siyasətində daha çevik və uzunmüddətli yanaşmaların formalaşdırılmasını tələb edir. Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə enerji əməkdaşlığının yeni istiqamətlərinin müəyyənləşdirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan uzun illərdir beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmizin enerji resursları, beynəlxalq enerji layihələrində iştirakı və Avropa bazarlarına enerji təchizatında tutduğu mövqe Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu möhkəmləndirib. Lakin müasir dövrdə enerji siyasəti yalnız ənənəvi enerji mənbələri ilə məhdudlaşmır. Bərpaolunan enerji mənbələrinin inkişafı, aşağı karbonlu texnologiyaların tətbiqi və yaşıl maliyyələşdirmə iqtisadiyyatın gələcək inkişafının əsas istiqamətlərinə çevrilir.

Bəyannamədə tərəflərin bərpaolunan enerjinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar sahəsində əməkdaşlıq etmək niyyətləri təsbit olunur. Eyni zamanda, iqlim dəyişikliyinə davamlılığın artırılması, sıfır emissiya hədəflərinə doğru irəliləyiş və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi əsas məqsədlər kimi müəyyən edilir. Azərbaycanın külək və günəş enerjisi potensialı, xüsusilə Xəzər dənizinin külək enerjisi imkanları, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji layihələrinin həyata keçirilməsi bu sahədə geniş perspektivlər yaradır.

Böyük Britaniyanın texnoloji və maliyyə imkanları ilə Azərbaycanın enerji potensialının uzlaşdırılması yeni layihələrin həyata keçirilməsinə, müasir texnologiyaların tətbiqinə və enerji sektorunda innovasiyaların genişlənməsinə töhfə verə bilər. Yaşıl enerji keçidi iqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması və ekoloji təhlükəsizliyin gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Bəyannamədə enerji əməkdaşlığına verilən yeni məzmun Azərbaycan-Böyük Britaniya münasibətlərinin gələcəyə hesablanmış istiqamətlərindən birini müəyyənləşdirir və hər iki ölkə üçün uzunmüddətli inkişaf imkanları açır.

 

Bəylər Cəfərov – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki