Bəyannamə təsdiqləyir ki
Bəyannamənin mühüm istiqaməti iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin artırılması və investisiya əlaqələrinin inkişaf etdirilməsidir. Böyük Britaniya Azərbaycanın mühüm iqtisadi tərəfdaşlarından biridir. Xüsusilə enerji sahəsində uzun illər davam edən əməkdaşlıq iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsində mühüm rol oynamışdır. Böyük Britaniya şirkətlərinin Azərbaycanın enerji sektorunda iştirakı ölkəmizin iqtisadi inkişafına, beynəlxalq investisiya mühitinin genişlənməsinə və enerji potensialının reallaşdırılmasına töhfə vermişdir. Yeni Bəyannamədə bərpaolunan enerji, infrastruktur, xidmətlər, maliyyə və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, kiçik və orta biznes subyektlərinin inkişafı, yeni iş yerlərinin yaradılması, bilik və təcrübə mübadiləsi, investisiya imkanlarının artırılması da əsas hədəflər sırasındadır. Sənəddə Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilməsi də mühüm əhəmiyyət daşıyır. Azərbaycan əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və tranzit imkanları ilə Şərq və Qərb arasında mühüm bağlantı rolunu oynayır. Orta Dəhlizin inkişafı beynəlxalq ticarətin genişlənməsinə, yükdaşımaların səmərəliliyinin artırılmasına və regionun iqtisadi potensialının gücləndirilməsinə şərait yaradır. Eyni zamanda, yaşıl enerji keçidi, aşağıkarbonlu texnologiyalar, yaşıl maliyyələşdirmə və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara xidmət edir. Bəyannamənin mühüm istiqamətlərindən biri də təhsil, elm, tədqiqat və innovasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsidir. Müasir dünyada dövlətlərin rəqabət qabiliyyəti yalnız iqtisadi və təbii resurslarla deyil, həm də insan kapitalı, elmi potensial və texnoloji inkişaf səviyyəsi ilə müəyyən olunur. Bu baxımdan Azərbaycan və Böyük Britaniya arasında ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, eləcə də dövlət sektorunda kadr hazırlığı istiqamətlərində əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Universitetlər, elmi-tədqiqat müəssisələri və sənaye sahələri arasında tərəfdaşlıqların təşviq edilməsi, süni intellekt, rəqəmsal idarəetmə, yeni texnologiyalar və digər müasir sahələrdə təcrübə mübadiləsinin aparılması gələcək inkişaf üçün yeni imkanlar yaradır. Bununla yanaşı, insanlararası əlaqələrin, mədəni mübadilələrin və peşəkar şəbəkələrin inkişaf etdirilməsi iki xalq arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.
Ümumilikdə, 12 noyabr 2026-cı ildə Dublin şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin və çoxşaxəli xarici siyasətinin əhəmiyyətini bir daha nümayiş etdirir. Sənədin əsas mahiyyəti dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və insan kapitalının inkişafı kimi fundamental dəyərlərə əsaslanır. Bəyannamədə nəzərdə tutulan müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi artım, təhsil və innovasiya istiqamətləri Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın gələcək prioritetlərini müəyyən edir. Bu sənəd bir daha təsdiqləyir ki, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn aliliyi davamlı sülhün və təhlükəsizliyin əsas təminatıdır. Azərbaycan Respublikası bu prinsiplərə əsaslanan xarici siyasət kursunu davam etdirərək beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, regional sabitliyin möhkəmləndirilməsinə və milli maraqlarının qorunmasına bundan sonra da xüsusi önəm verir.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov















