image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Azərbaycan – Böyük Britaniya əməkdaşlığında iqtisadi inkişaf və yeni imkanlar

image-legitimaz-810x90

Azərbaycan – Böyük Britaniya əməkdaşlığında iqtisadi inkişaf və yeni imkanlar

 

Müasir dünyada dövlətlərin iqtisadi gücü yalnız malik olduqları təbii sərvətlərlə deyil, həm də qurduqları beynəlxalq tərəfdaşlıqlarla müəyyən olunur. Xarici investisiyaların cəlb edilməsi, ticarət əlaqələrinin genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və müasir texnologiyaların tətbiqi iqtisadi inkişafın əsas şərtlərindəndir. Azərbaycan da bu istiqamətdə həyata keçirdiyi siyasətlə beynəlxalq iqtisadi əməkdaşlığını genişləndirir.

Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə ticarət, investisiya və iqtisadi artım məsələlərinə xüsusi yer ayrılması iki ölkənin gələcək əməkdaşlığı baxımından mühüm əhəmiyyət daşıyır. Sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhəm tərəfindən 2026-cı il noyabrın 12-də imzalanıb. Bəyannamənin əsas məqsədlərindən biri qarşılıqlı ticarətin artırılması və yeni investisiya imkanlarının yaradılmasıdır. Sənəddə bərpaolunan enerji, infrastruktur və xidmət sahələrində uzunmüddətli biznes əlaqələrinin qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq hər iki ölkədə yeni iş yerlərinin açılmasına, mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, iqtisadi imkanların genişlənməsinə xidmət edə bilər.

İqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri də Orta Dəhlizin inkişafıdır. Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat marşrutlarından birində yerləşir. Bu marşrutun inkişafı ölkəmizdən keçən yükdaşımaların artmasına, nəqliyyat və logistika sahəsində yeni imkanların yaranmasına şərait yaradır. Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlıq Azərbaycanın beynəlxalq ticarətdə rolunun genişlənməsinə töhfə verə bilər. Sənəddə yaşıl enerji məsələsinə də xüsusi diqqət yetirilir. Azərbaycan günəş və külək enerjisi sahəsində böyük potensiala malikdir. Bu imkanlardan səmərəli istifadə etmək, yeni texnologiyaları tətbiq etmək və xarici investisiyalar cəlb etmək ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi baxımından vacibdir. Böyük Britaniya ilə bərpaolunan enerji, yaşıl maliyyələşdirmə və ətraf mühitə daha az zərər vuran texnologiyalar sahəsində əməkdaşlıq bu məqsədlərə xidmət edir.

Bəyannamədə kiçik və orta sahibkarlığın inkişafı, maliyyə bazarları arasında əlaqələrin genişləndirilməsi və sahibkarların beynəlxalq bazarlara çıxış imkanlarının artırılması da nəzərdə tutulur. Bu, xüsusilə yerli sahibkarlar üçün yeni tərəfdaşlar tapmaq, məhsul və xidmətlərini xarici bazarlarda təqdim etmək baxımından əhəmiyyətlidir. İki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyaya da mühüm rol verilir. Bu qurum investisiya, iqtisadiyyatın şaxələndirilməsi, Orta Dəhliz və enerji sahələrində birgə layihələrin irəlilədilməsi üçün əsas əməkdaşlıq platforması olacaq. Ümumilikdə, Azərbaycan ilə Böyük Britaniya arasında ticarət, investisiya və iqtisadi artım sahəsində əməkdaşlığın genişləndirilməsi ölkəmiz üçün yeni perspektivlər açır. Əsas məqsəd iqtisadi əlaqələri yalnız mövcud sahələrlə məhdudlaşdırmamaq, yeni istiqamətlər yaratmaq və qarşılıqlı fayda əsasında uzunmüddətli tərəfdaşlıq qurmaqdır. Bu əməkdaşlığın real nəticələri isə yeni layihələrdə, artan investisiyalarda, yaradılan iş yerlərində və ölkə iqtisadiyyatının inkişafında öz əksini tapacaq.

 

Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sədiyar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki