image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi münasibətlərin inkişafında enerji əməkdaşlığı mühüm yer tutur

image-legitimaz-810x90

İqlim dəyişikliyinə davamlılığı, dayanıqlığı və sıfır hədəflərinə doğru irəliləyişi, eləcə də enerji təhlükəsizliyini dəstəkləmək məqsədilə bərpaolunan enerjinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar da daxil olmaqla, təmiz enerji keçidi üzrə əməkdaşlıq edəcəklər.

 

Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi münasibətlərin inkişafında enerji əməkdaşlığı mühüm yer tutur. Uzun illər ərzində neft-qaz sektorunda formalaşmış tərəfdaşlıq müasir dövrdə bərpaolunan enerji mənbələrinin inkişafı, enerji təhlükəsizliyi və ekoloji dayanıqlılıq istiqamətləri ilə daha da genişlənir. Qlobal iqlim dəyişiklikləri, enerji bazarlarında baş verən transformasiya və aşağı karbonlu iqtisadiyyata keçid dövlətlər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Bu baxımdan, iki ölkə arasında təmiz enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri kimi çıxış edir. Hər iki ölkə arasında yaranmış dostluq münasibətləri nəticəsində – 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə  imzalanmışdır.

Birgə Bəyannamədə tərəflər iqlim dəyişikliyinə davamlılığın və dayanıqlılığın gücləndirilməsi, sıfır emissiya hədəflərinə doğru irəliləyişin və enerji təhlükəsizliyinin dəstəklənməsi məqsədilə təmiz enerji keçidi üzrə əməkdaşlıq etmək niyyətlərini ifadə edirlər. Bu əməkdaşlıq bərpaolunan enerjinin inkişafını, yaşıl maliyyələşdirməni və aşağı karbonlu texnologiyaların tətbiqini əhatə edir. Sözügedən yanaşma enerji sektorunda müasir texnologiyaların tətbiqinə, ekoloji tarazlığın qorunmasına və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə yönəlmişdir. Azərbaycanın zəngin bərpaolunan enerji potensialı bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Xəzər dənizinin külək enerjisi potensialı, ölkənin günəş enerjisi imkanları və yaşıl enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın enerji sektorunun şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Böyük Britaniyanın bu sahədəki texnoloji və maliyyə təcrübəsi ilə Azərbaycanın enerji potensialının uzlaşdırılması qarşılıqlı faydalı əməkdaşlığın inkişafına şərait yarada bilər.

Bəyannamədə aşağı karbonlu texnologiyalara və yaşıl maliyyələşdirməyə verilən diqqət iqtisadi inkişafla ekoloji məsuliyyətin uzlaşdırılmasının vacibliyini göstərir. Bu istiqamətdə əməkdaşlıq enerji istehsalında ekoloji cəhətdən daha səmərəli texnologiyaların tətbiqinə, karbon emissiyalarının azaldılmasına və təmiz enerji layihələrinin maliyyələşdirilməsi imkanlarının genişləndirilməsinə xidmət edir. Eyni zamanda, enerji təhlükəsizliyinin təmin olunması və enerji mənbələrinin şaxələndirilməsi hər iki ölkənin uzunmüddətli iqtisadi maraqları baxımından əhəmiyyətlidir.

Sənəddə maliyyə və kapital bazarları sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarının araşdırılması da nəzərdə tutulur. Bu məqsədlə müvafiq dövlət orqanları və maliyyə qurumları arasında dialoqun inkişaf etdirilməsi, davamlı investisiyaların, ticarət maliyyəsinin, kiçik və orta biznesin inkişafının, eləcə də yaşıl maliyyələşdirmənin dəstəklənməsi əsas istiqamətlər kimi müəyyənləşdirilir. Bu yanaşma iki ölkənin maliyyə institutları arasında əlaqələrin genişləndirilməsi və investisiya imkanlarının daha səmərəli reallaşdırılması baxımından əhəmiyyətlidir. Böyük Britaniyanın beynəlxalq maliyyə bazarlarında təcrübəsi və Azərbaycanın iqtisadi şaxələndirmə siyasəti bu sahədə qarşılıqlı fəaliyyətin inkişafı üçün əlverişli zəmin formalaşdırır. Xüsusilə, kiçik və orta biznes subyektlərinin inkişafının dəstəklənməsi iqtisadi artımın inklüziv xarakter alması baxımından mühüm əhəmiyyət daşıyır. Ticarət maliyyəsinin genişləndirilməsi, investisiya imkanlarının artırılması və maliyyə qurumları arasında təcrübə mübadiləsi sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi fəallığın yüksəlməsinə töhfə verə bilər.

 

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki