Təhsil və innovasiya sahəsində
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında 2026-cı il noyabrın 12-də imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə təhsil, elm, tədqiqat və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi mühüm prioritetlərdən biri kimi müəyyən edilmişdir. Müasir dövrdə qlobal inkişaf prosesləri, texnoloji yeniliklər və rəqəmsal transformasiya dövlətlərin qarşısında yeni çağırışlar və imkanlar yaradır. Bu şəraitdə təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi potensialın gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi və yüksək ixtisaslı kadrların hazırlanması ölkələrin davamlı inkişafının əsas şərtlərindən hesab olunur. Məhz bu baxımdan Bəyannamədə təhsil və innovasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi hər iki ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Təhsil, elm, tədqiqat və innovasiya uzunmüddətli rifahın, iqtisadi məhsuldarlığın və sosial dayanıqlığın vacib amilləridir. Bu sahələr cəmiyyətin intellektual potensialının formalaşmasına, insanların bilik və bacarıqlarının artırılmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə birbaşa təsir göstərir. Müasir dünyada iqtisadi güc yalnız təbii sərvətlər və maliyyə imkanları ilə deyil, eyni zamanda insan kapitalının səviyyəsi, elmi nailiyyətlər və yeni texnologiyaların tətbiqi ilə ölçülür. Bu səbəbdən dövlətlərin təhsil və elm sahələrinə investisiya yatırması, innovasiyaları dəstəkləməsi və gənc nəslin müasir biliklərə yiyələnməsinə şərait yaratması strateji əhəmiyyət kəsb edir. Bəyannamədə tərəflər təhsil, elm, tədqiqat və innovasiyanın müasir, rəqabətə davamlı və inklüziv iqtisadiyyatların təməli olduğunu qəbul edirlər. İnklüziv iqtisadiyyat dedikdə cəmiyyətin bütün təbəqələrinin iqtisadi və sosial inkişaf imkanlarından bərabər şəkildə faydalanması nəzərdə tutulur. Bu yanaşma təhsilin əlçatanlığının artırılmasını, keyfiyyətli təhsil imkanlarının genişləndirilməsini və hər bir fərdin öz potensialını reallaşdırmasına şərait yaradılmasını tələb edir. Beləliklə, təhsil yalnız fərdi inkişaf vasitəsi deyil, həm də cəmiyyətin ümumi rifahına, sosial bərabərliyə və dayanıqlı gələcəyinə xidmət edən mühüm amildir. Birgə Bəyannamədə xüsusi diqqət yetirilən məsələlərdən biri ali təhsil, peşə təhsili və təlim, rəqəmsal və texniki bacarıqlar, eləcə də icraedici və dövlət sektorunda təlim sahələrində əməkdaşlığın dərinləşdirilməsidir. Müasir əmək bazarında baş verən dəyişikliklər işçi qüvvəsindən yeni bilik və bacarıqlar tələb edir. Ənənəvi peşə bacarıqları ilə yanaşı, informasiya texnologiyalarından istifadə, rəqəmsal savadlılıq, analitik düşüncə, idarəetmə və innovativ qərarvermə qabiliyyəti getdikcə daha böyük əhəmiyyət qazanır. Bu baxımdan təhsil sisteminin əmək bazarının real tələblərinə uyğunlaşdırılması, gənclərin müasir peşələrə hazırlanması və çalışan mütəxəssislərin biliklərinin mütəmadi yenilənməsi zəruridir. Ali təhsil müəssisələri ilə yanaşı, peşə təhsili və təlim sisteminin inkişaf etdirilməsi də mühüm əhəmiyyət daşıyır. Çünki iqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlara olan tələbatının ödənilməsi birbaşa peşə təhsilinin keyfiyyətindən asılıdır. Müasir avadanlıqlar, praktiki təlim imkanları və əmək bazarının ehtiyaclarına uyğun tədris proqramları vasitəsilə gənclərin peşə bacarıqlarının artırılması onların məşğulluq imkanlarını genişləndirir. Azərbaycan və Böyük Britaniya arasında bu istiqamətdə təcrübə mübadiləsinin aparılması, təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi və qabaqcıl tədris metodlarının öyrənilməsi qarşılıqlı faydalı nəticələr verə bilər. Bəyannamədə dövlət sektorunda təlim və idarəetmə bacarıqlarının inkişafına da xüsusi yer ayrılması diqqətəlayiqdir. Müasir dövlət idarəçiliyi peşəkar, məsuliyyətli, təşəbbüskar və yeniliklərə açıq kadr potensialı tələb edir. Dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması, müasir idarəetmə metodlarının mənimsənilməsi, rəqəmsal xidmətlərin tətbiqi və şəffaflığın təmin edilməsi dövlət qurumlarının fəaliyyətinin səmərəliliyini yüksəldir. Bu baxımdan iki ölkə arasında dövlət idarəçiliyi, kadr hazırlığı və institusional inkişaf sahələrində təcrübə mübadiləsi mühüm perspektivlər yaradır. Sənəddə tədqiqat, innovasiya və texnoloji əməkdaşlığın təşviqi də əsas prioritetlərdən biri kimi müəyyən edilmişdir. Xüsusilə rəqəmsallaşdırma, inkişaf etməkdə olan texnologiyalar və həyat elmləri sahələrində universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu yanaşma elmi biliklərin praktiki fəaliyyətə tətbiqinə, yeni texnologiyaların yaradılmasına və iqtisadiyyatın müxtəlif sahələrində innovativ həllərin istifadəsinə imkan verir.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Bahar Qurbanova



















