Azərbaycan və Böyük Britaniya arasinda strateji tərəfdaşliq: yeni əməkdaşliq perspektivləri və beynəlxalq münasibətlərdə yeni mərhələ
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın inkişafı, qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq maraqlara əsaslanan tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Qlobal siyasi və iqtisadi proseslərin sürətlə dəyişdiyi, regional təhlükəsizlik məsələlərinin aktuallıq qazandığı bir dövrdə dövlətlər arasında strateji əməkdaşlığın qurulması və mövcud münasibətlərin yeni mərhələyə yüksəldilməsi xüsusi önəm kəsb edir. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkənin münasibətlərinin inkişafında mühüm hadisə kimi qiymətləndirilə bilər. 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirərək əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir. Sənəd qarşılıqlı hörmət, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə ehtiram, ortaq maraqlar və praktiki əməkdaşlıq prinsipləri üzərində qurulub. Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər uzunmüddətli tarixi təcrübəyə və qarşılıqlı maraqlara əsaslanır. İki ölkə arasında əlaqələrin inkişafında 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə mühüm rol oynayıb. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan beynəlxalq münasibətlər sisteminə inteqrasiya, xarici iqtisadi əlaqələrin genişləndirilməsi və etibarlı tərəfdaşlarla əməkdaşlığın qurulması istiqamətində ardıcıl siyasət həyata keçirib. Böyük Britaniya Azərbaycanın müstəqilliyini və iqtisadi inkişafını dəstəkləyən, ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlıq edən mühüm tərəfdaşlardan biri olub. Xüsusilə enerji sektorunda qurulmuş əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında xüsusi yer tutur. Azərbaycan enerji resurslarının beynəlxalq bazarlara çıxarılması, enerji təhlükəsizliyinin təmin olunması və regional enerji infrastrukturunun inkişafı istiqamətində mühüm layihələr həyata keçirib. Böyük Britaniya şirkətlərinin Azərbaycanın enerji sektorunda iştirakı isə iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verib. Yeni Birgə Bəyannamənin imzalanması məhz bu tarixi təcrübənin davamı olmaqla, münasibətlərin daha geniş sahələri əhatə edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini nəzərdə tutur. Burada əsas məqsəd yalnız mövcud əməkdaşlığın qorunması deyil, həm də yeni imkanların müəyyənləşdirilməsi və uzunmüddətli inkişaf üçün dayanıqlı mexanizmlərin yaradılmasıdır. Birgə Bəyannamənin əsas prinsiplərindən biri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin təsdiq edilməsidir. Bu müddəalar beynəlxalq münasibətlərdə dövlətlərin bərabərliyi, sərhədlərin toxunulmazlığı və qarşılıqlı hörmət prinsiplərinin əhəmiyyətini bir daha ön plana çıxarır. Azərbaycan üçün beynəlxalq hüququn prinsiplərinin qorunması, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələləri hər zaman xarici siyasətin əsas istiqamətlərindən biri olub. Bu baxımdan sənəddə həmin prinsiplərin xüsusi vurğulanması ikitərəfli münasibətlərin fundamental siyasi-hüquqi əsaslarını ifadə edir. Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin əhəmiyyətinin qeyd olunması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması da diqqətəlayiqdir. Bu yanaşma Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlıq mühitinin formalaşdırılmasının beynəlxalq əhəmiyyətini göstərir. Regionda sülhün möhkəmləndirilməsi yalnız siyasi razılaşmalarla məhdudlaşmamalı, iqtisadi əlaqələrin genişlənməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimadın gücləndirilməsi ilə də müşayiət olunmalıdır. Bu baxımdan beynəlxalq tərəfdaşların sülh prosesinə konstruktiv dəstəyi mühüm əhəmiyyət daşıyır. Sənədin müdafiə və təhlükəsizlik sahəsinə dair müddəaları da yeni əməkdaşlıq imkanları yaradır. Tərəflər müdafiə potensialının artırılması, hərbi təlimlər, kadr hazırlığı, institusional imkanların inkişafı və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərmək niyyətlərini ifadə edirlər. Bununla yanaşı, hüquq-mühafizə orqanları arasında əlaqələrin gücləndirilməsi, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlıq məsələləri də sənəddə öz əksini tapıb. Bu istiqamətlər regional sabitliyin qorunmasına, təhlükəsizlik çağırışlarına qarşı institusional hazırlığın artırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edə bilər.
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Kərimova Ülviyyə Mayis qızı















