Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq: Müdafiə və Təhlükəsizlik Sahəsində Yeni Əməkdaşlıq Mərhələsi
2026-cı il noyabrın 12-də İrlandiyanın paytaxtı Dublin şəhərində Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə münasibətlərini keyfiyyətcə yeni müstəviyə çıxarıb. Müasir dövrün mürəkkəb geosiyasi reallıqları və qlobal təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər fonunda bu sənəd ikitərəfli əlaqələrin əsas dayaqlarını müəyyən edir. Bəyannamədə təsbit olunan prioritet istiqamətlər arasında müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq xüsusi strateji əhəmiyyət daşıyır.
Sənəddə tərəflərin regional sabitliyin qorunması və ümumi təhdidlərə qarşı birgə mübarizə aparmaq iradəsi aydın şəkildə ifadə olunub. Belə ki, Birgə Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində aşağıdakı müddəalar təsdiqlənir: iştirakçılar regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edirlər; yüksək səviyyəli qarşılıqlı fəaliyyətin davamlı impulsuna sadiq qalacaq və qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanı dərinləşdirəcəklər;
iştirakçılar təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığını inkişaf etdirəcək və qarşılıqlı maraq doğuracaq sahələrdə birgə təşəbbüslər də daxil olmaqla, müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarını araşdıracaqlar;artan təhlükəsizlik çağırışlarına və təhdidlərinə cavab olaraq genişspektrli təhlükəsizlik prioritetləri üzrə əməkdaşlığı gücləndirəcəklər;
iştirakçılar qanunun aliliyini və institusional dayanıqlılığı gücləndirmək üçün hüquq-mühafizə orqanları arasında gücləndirilmiş tərəfdaşlıq və sərhəd idarəçiliyi, eləcə də məhkəmə və hüquqi əməkdaşlığı formalaşdıracaqlar; maraqların uzlaşdığı çoxtərəfli platformalarda beynəlxalq sülhə və təhlükəsizliyə birgə töhfə verərək əməkdaşlıq etmək niyyətlərini təsdiqləyirlər.
Bu müddəalar göstərir ki, Bakı və London təhlükəsizlik məsələlərinə yalnız ənənəvi hərbi əməkdaşlıq prizmasından deyil, həm də kompleks və çoxşaxəli yanaşma əsasında baxırlar. Xüsusilə müdafiə sənayesi sahəsində birgə təşəbbüslərin araşdırılması və hərbi kadrların hazırlanması istiqamətində təlim proqramlarının genişləndirilməsi Azərbaycan Silahlı Qüvvələrinin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından geniş imkanlar açır.
Digər tərəfdən, hüquq-mühafizə orqanları, sərhəd idarəçiliyi və məhkəmə-hüquq sistemləri arasında əlaqələrin institusional səviyyədə gücləndirilməsi transmilli mütəşəkkil cinayətkarlıq, kibertəhdidlər və digər qeyri-ənənəvi risklərlə mübarizədə effektiv mexanizmlərin formalaşmasına zəmin yaradır. Yüksək səviyyəli siyasi dialoqun mütəmadi xarakter alması isə regional və qlobal gündəlikdə duran aktual təhlükəsizlik məsələləri üzrə operativ koordinasiyanı təmin edəcəkdir.
Birgə Bəyannamənin müdafiə və təhlükəsizlik bloku Azərbaycan və Böyük Britaniyanın uzunmüddətli strateji maraqlarının uzlaşdığını nümayiş etdirir. Bu əməkdaşlıq həm iki dövlətin milli təhlükəsizliyinin və institusional dayanıqlılığının möhkəmləndirilməsinə, həm də Cənubi Qafqaz və daha geniş Avrasiya regionunda davamlı sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verəcəkdir.
Mehparə Əhmədova – Zərdab şəhər sakini, pensiyaçı


















