image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-d13abcbc-9a92-493b-97de-11b973ff56cf_740-600x341

23 fevral 1994-cü il tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə

image-legitimaz-810x90
    • Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra qarşısında duran əsas vəzifələrdən biri beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmaq, dünya dövlətləri ilə qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurmaq və ölkənin iqtisadi-siyasi potensialını beynəlxalq miqyasda tanıtmaq idi. Məhz belə bir mürəkkəb tarixi şəraitdə həyata keçirilən məqsədyönlü xarici siyasət Azərbaycanın müxtəlif dövlətlərlə əməkdaşlığının genişlənməsinə zəmin yaratdı. Bu istiqamətdə Böyük Britaniya ilə münasibətlərin inkişafı da xüsusi əhəmiyyət daşıyırdı. 23 fevral 1994-cü il tarixində Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin münasibətlər tarixində mühüm diplomatik hadisələrdən biri kimi yadda qaldı. Sənəd Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin 22–25 fevral 1994-cü il tarixlərində Böyük Britaniyaya həyata keçirdiyi rəsmi səfər çərçivəsində imzalandı. Bəyannaməni Azərbaycan tərəfdən Heydər Əliyev, Böyük Britaniya tərəfdən isə Baş nazir ConMeycor imzaladı. Bu səfər və imzalanan sənəd müstəqil Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərinin genişləndirilməsi baxımından mühüm addım idi. Həmin dövrdə Azərbaycan həm müstəqil dövlət kimi beynəlxalq mövqelərini möhkəmləndirməyə çalışır, həm də müharibə, iqtisadi çətinliklər və mürəkkəb regional proseslərin yaratdığı problemlərlə üzləşirdi. Belə bir şəraitdə dünyanın aparıcı dövlətlərindən biri olan Böyük Britaniya ilə əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin beynəlxalq əlaqələrinin şaxələndirilməsi baxımından əhəmiyyətli idi. Ümummilli Lider Heydər Əliyev xarici siyasətdə qarşılıqlı hörmətə, dövlətlərin suverenliyinə və milli maraqlara əsaslanan əməkdaşlıq prinsipini əsas götürürdü. Onun Böyük Britaniyaya səfəri zamanı keçirdiyi görüşlər də bu siyasətin konkret təzahürü idi. Baş nazir ConMeycor və digər rəsmi şəxslərlə aparılan danışıqlar iki ölkə arasında siyasi dialoqun genişləndirilməsinə, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafına imkan yaratdı. Bəyannamənin imzalanması ilə yanaşı, səfər çərçivəsində vergi, energetika, aviasiya və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutan sənədlərin də imzalanması münasibətlərin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, praktiki əməkdaşlığa da yönəldiyini göstərirdi. Mənim fikrimcə, bu sənədin tarixi əhəmiyyətini yalnız imzalandığı dövrün diplomatik hadisəsi kimi qiymətləndirmək düzgün olmazdı. Çünki 1994-cü ildə yaradılan siyasi və hüquqi əməkdaşlıq zəmini sonrakı illərdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafına da təsir göstərdi. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə Böyük Britaniyanın BP şirkətinin Azərbaycanın neft sektorunda iştirakı genişləndi. Bu hadisə Azərbaycanın enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması, xarici investisiyaların cəlb olunması və ölkənin dünya iqtisadi sisteminə inteqrasiyası baxımından mühüm mərhələ oldu. Sonrakı dövrlərdə enerji və nəqliyyat layihələri, iqtisadi əlaqələr, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişlənməsi iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsinə şərait yaratdı. 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə də bu əlaqələrin davamlı inkişafının göstəricilərindən biri idi. Beləliklə, 1994-cü il 23 fevral tarixli Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinin formalaşması və inkişafında mühüm başlanğıc nöqtələrindən biri kimi öz tarixi əhəmiyyətini qoruyur.

 

Azad Kərimli – Zərdab Gənclər evi SXM, Dərnək rəhbəri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki