Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən 2026-cı il noyabrın 12-də Dublində imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu sənəd Azərbaycan ilə Böyük Britaniya arasında formalaşmış uzunmüddətli əməkdaşlığın yeni dövrün çağırışlarına uyğun olaraq daha geniş məzmun qazanmasını nəzərdə tutur.
Azərbaycan-Böyük Britaniya münasibətləri uzun illər ərzində qarşılıqlı maraqlar, siyasi dialoq və iqtisadi əməkdaşlıq əsasında inkişaf edib. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu əlaqələrin hüquqi-siyasi əsaslarının formalaşmasında mühüm rol oynayıb. Yeni Strateji Tərəfdaşlıq Bəyannaməsi isə həmin münasibətlərin daha yüksək səviyyəyə çatdırılması istiqamətində növbəti mühüm addımdır.
Sənədin əhəmiyyəti ondadır ki, əməkdaşlıq yalnız ənənəvi siyasi və iqtisadi əlaqələrlə məhdudlaşmır. Burada müdafiə və təhlükəsizlik, ticarət və investisiya, enerji, nəqliyyat, təhsil, elm, innovasiya və insanlararası münasibətlər kimi geniş sahələr əhatə olunur. Bu yanaşma tərəfdaşlığın kompleks xarakter daşıdığını və gələcəyə hesablandığını göstərir.
Bəyannamədə qarşılıqlı etimadın, səmimiyyətin və xalqlar arasında birbaşa əlaqələrin xüsusi vurğulanması da təsadüfi deyil. Çünki dövlətlərarası münasibətlərin möhkəmliyi yalnız imzalanmış sənədlərlə deyil, həm də həmin sənədlərdə nəzərdə tutulan məqsədlərin real əməkdaşlığa çevrilməsi ilə ölçülür. Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən, regional və qlobal əməkdaşlıq proseslərində fəal iştirak edən dövlətdir. Böyük Britaniya ilə strateji tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın beynəlxalq əlaqələrinin şaxələndirilməsi və milli maraqlarının təmin olunması baxımından əhəmiyyətlidir.
Yeni Bəyannamə iki ölkənin mövcud əməkdaşlıq potensialından daha səmərəli istifadə etməyə, qarşılıqlı faydalı təşəbbüsləri genişləndirməyə və gələcək nəsillər üçün davamlı tərəfdaşlıq mühiti formalaşdırmağa xidmət edən mühüm siyasi sənəddir.
Talıb Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini


















