Noyabrın 12-də Dublində Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığı üç istiqamət üzrə müəyyən edir: müdafiə və təhlükəsizlik, ticarət, investisiya və artım, təhsil və innovasiya. Sonuncu istiqamət insan kapitalının inkişafına yönəldiyinə görə sənədin uzunmüddətli təsiri baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəyannamənin giriş hissəsində vurğulanır ki, davamlı tərəfdaşlıq etimada, açıqlığa və insanlar arasında möhkəm əlaqələrə əsaslanır. Tərəflər təhsil, elm, innovasiya və bacarıqlar sahəsində praktiki əməkdaşlığı uzunmüddətli artımın və rəqəmsal transformasiyanın əsası kimi qəbul edirlər. Sənəddə təhsil, elm və innovasiya müasir, rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyatın, məhsuldarlığın və cəmiyyətin dayanıqlılığının başlıca amilləri kimi dəyərləndirilir.
Bu çərçivədə tərəflər artan əmək bazarı və idarəetmə ehtiyaclarına cavab olaraq, ali təhsil, peşə təhsili və təlim, rəqəmsal və texniki bacarıqlar, eləcə də icraedici və dövlət sektorunda təlim də daxil olmaqla, təhsil və bacarıqların inkişafı sahəsində əməkdaşlığı dərinləşdirəcəklər. Müddəanın əhatə dairəsi genişdir: o, universitet təhsili ilə yanaşı peşə hazırlığını, rəhbər kadrların və dövlət qulluğçularının ixtisasartırmasını da nəzərdə tutur.
Bölmə yalnız təhsillə məhdudlaşmır. Tərəflər universitetlər, elmi-tədqiqat müəssisələri və sənaye arasında tərəfdaşlığı təşviq edəcək, rəqəmsallaşma, yeni texnologiyalar və həyat elmləri sahələrində birgə tədqiqat və innovasiya fəaliyyətini dəstəkləyəcəklər. Süni intellekt və rəqəmsal idarəetmə üzrə təcrübə mübadiləsi də nəzərdə tutulur və burada bacarıqların inkişafına, şəffaflığa və inklüziv artıma xüsusi diqqət yetiriləcək. Bundan əlavə, vətəndaş cəmiyyətləri arasında qarşılıqlı anlaşmanı və mədəni əlaqələri möhkəmləndərən mübadilələr və peşəkar şəbəkələr təşviq olunacaq.
Bu müddəalar Azərbaycanın daxili prioritetləri ilə uzlaşır. Ölkədə rəqəmsal inkişafın sürətləndirilməsi və süni intellekt sahəsində strateji sənədlər qəbul edilib, əmək bazarı isə getdikcə daha çox rəqəmsal və texniki bacarıqlara malik mütəxəssislər tələb edir. Təhsil və elm sahəsində zəngin ənənəsi olan Böyük Britaniya ilə əməkdaşlıq bu tələbatın ödənilməsinə töhfə verə bilər.
Bəyannamədə konkret proqramlar, təqaüd sayı və ya icra müddətləri göstərilmir. Sənəd əməkdaşlığın çərçivəsini müəyyən edir, onun məzmunu isə növbəti mərhələdə konkret layihələrlə doldurulmalıdır. Bu məqsədlə tərəflər hər il Strateji Tərəfdaşlıq üzrə görüş keçirərək hər üç istiqamət üzrə irəliləyişi nəzərdən keçirəcək və prioritetləri müəyyənləşdirəcəklər.
Təhsilə və bacarıqlara qoyulan sərmayə nəticəsini illər sonra göstərsə də, ən davamlı sərmayədir. Bəyannamənin bu bölməsi Azərbaycan gəncləri, müəllimləri, tədqiqatçıları və dövlət qulluğçuları üçün beynəlxalq təcrübəyə çıxışın genişlənməsinə zəmin yaradır.
Cəlal Mecidli – Zərdab Gənclər evi, Metodist




















