Tərəflərin anlaşdıqları məsələlər:
Yaşıl iqtisadiyyatın inkişafı yalnız enerji istehsalının dəyişdirilməsi deyil, eyni zamanda yeni texnologiyaların tətbiqi, ekoloji düşüncənin formalaşdırılması, sənaye və kənd təsərrüfatında resurslardan səmərəli istifadə edilməsi deməkdir. Bu istiqamətdə Böyük Britaniyanın təcrübəsi ilə Azərbaycanın mövcud imkanlarının birləşdirilməsi qarşılıqlı faydalı nəticələr verə bilər. Strateji tərəfdaşlığın ən mühüm və uzunmüddətli nəticələr verə biləcək istiqamətlərindən biri təhsil, elm və innovasiya sahəsində əməkdaşlıqdır. Çünki dövlətlərin gələcək inkişafı yalnız təbii sərvətlərdən və iqtisadi resurslardan deyil, həm də insan kapitalından, elmi potensialdan və intellektual imkanlardan asılıdır. Bəyannamədə ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, dövlət sektorunda kadr hazırlığı və elmi tədqiqatlar üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu yanaşma müasir əmək bazarının tələblərinə cavab verən, bilikli, yaradıcı və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir. Xüsusilə süni intellekt, rəqəmsal idarəetmə, həyat elmləri və yeni texnologiyalar sahəsində təcrübə mübadiləsi gələcək əməkdaşlığın perspektivli istiqamətlərindəndir. Universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlığın inkişafı elmi biliklərin praktik tətbiqinə, innovativ layihələrin reallaşdırılmasına və yeni texnologiyaların iqtisadiyyata inteqrasiyasına imkan yarada bilər. Bu istiqamətdə gənclərin təhsil imkanlarının genişləndirilməsi, beynəlxalq elmi əlaqələrin qurulması, tələbə və mütəxəssis mübadiləsinin təşviqi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, insanlararası münasibətlərin və mədəni əlaqələrin inkişafı iki xalq arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin münasibətlərində yeni əməkdaşlıq mərhələsinin əsasını qoyur. Sənədin əhatə etdiyi müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya istiqamətləri tərəfdaşlığın çoxşaxəli xarakterini nümayiş etdirir. Bəyannamənin əhəmiyyəti yalnız siyasi münasibətlərin inkişafı ilə məhdudlaşmır. Bu sənəd iqtisadiyyatın şaxələndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, elmi-texnoloji əməkdaşlığın inkişafı və insan kapitalına investisiyaların artırılması üçün yeni perspektivlər yaradır. Sənəddə nəzərdə tutulan illik Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi də əməkdaşlığın davamlılığının təmin edilməsi baxımından mühüm mexanizmdir. Bu görüşlər çərçivəsində görülmüş işlərin qiymətləndirilməsi, gələcək prioritetlərin müəyyənləşdirilməsi və əldə olunan razılaşmaların praktiki icrasının izlənilməsi nəzərdə tutulur. Ümumilikdə, Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı qarşılıqlı maraqlara, beynəlxalq hüquqa, suverenliyə hörmətə və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin inkişafını ifadə edir. Bu münasibətlərin gələcək uğuru isə müəyyən edilmiş istiqamətlər üzrə konkret layihələrin həyata keçirilməsindən, qarşılıqlı öhdəliklərin icrasından və əldə olunan imkanlardan səmərəli istifadə edilməsindən asılı olacaqdır. Azərbaycanın müstəqil xarici siyasəti, regional və beynəlxalq əməkdaşlığa açıq mövqeyi, iqtisadi potensialı və strateji coğrafi mövqeyi ölkəmizin beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsi üçün mühüm zəmin yaradır. Böyük Britaniya ilə imzalanmış Birgə Bəyannamə də bu əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən və gələcək münasibətlərin inkişafına xidmət edən mühüm sənəd kimi Azərbaycan-Böyük Britaniya əlaqələrinin tarixində özünəməxsus yer tutacaqdır.
Veteran müəllim Vəfadar Niftəliyev.















