Maliyyə əməkdaşlığı və kapital bazarları
Davamlı iqtisadi inkişafın təmin olunmasında maliyyə sisteminin dayanıqlığı, investisiya resurslarına çıxış və kapital bazarlarının inkişafı mühüm rol oynayır. Dövlətlər arasında iqtisadi əlaqələrin dərinləşməsi üçün yalnız ticarət imkanlarının genişləndirilməsi deyil, həm də maliyyə əməkdaşlığının möhkəmləndirilməsi vacibdir. Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsində bu məsələlərin ayrıca əks olunması tərəflərin iqtisadi münasibətlərə kompleks yanaşmasını nümayiş etdirir.
Bəyannamədə maliyyə və kapital bazarları sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarının araşdırılması nəzərdə tutulur. Bu istiqamətdə müvafiq dövlət qurumları və maliyyə institutları arasında dialoqun genişləndirilməsi, davamlı investisiyaların, ticarət maliyyəsinin, kiçik və orta biznesin inkişafının, eləcə də yaşıl maliyyələşdirmənin dəstəklənməsi əsas məqsədlərdəndir.
Kiçik və orta sahibkarlıq iqtisadiyyatın şaxələndirilməsində, məşğulluğun artırılmasında və yeni iqtisadi dəyərin yaradılmasında mühüm rol oynayır. Bu müəssisələrin maliyyə resurslarına çıxışının asanlaşdırılması, müasir biznes modellərinin tətbiqi və beynəlxalq bazarlara inteqrasiyası iqtisadi inkişafın sürətləndirilməsi üçün vacib şərtlərdir.
Böyük Britaniya ilə maliyyə sahəsində təcrübə mübadiləsi Azərbaycanın kapital bazarlarının inkişafı, maliyyə xidmətlərinin təkmilləşdirilməsi və beynəlxalq investisiya mühitinin genişləndirilməsi baxımından faydalı ola bilər. Sənəddə maliyyə sektorunun dayanıqlığının və şəffaflığının gücləndirilməsi, beynəlxalq bazarlara çıxış imkanlarının artırılması məsələlərinə də diqqət yetirilir. Bu müddəalar iqtisadi münasibətlərin etibarlı və şəffaf mexanizmlər əsasında inkişaf etdirilməsinə xidmət edir.
Xüsusilə yaşıl maliyyələşdirmənin təşviqi müasir iqtisadi çağırışlar baxımından əhəmiyyətlidir. Çünki ekoloji cəhətdən dayanıqlı layihələrin həyata keçirilməsi üçün yeni maliyyə alətlərinin tətbiqi və uzunmüddətli investisiya mənbələrinin formalaşdırılması zəruridir. Maliyyə əməkdaşlığının genişləndirilməsi Azərbaycan-Böyük Britaniya iqtisadi tərəfdaşlığının yeni imkanlarını üzə çıxarmaqla yanaşı, ölkəmizdə sahibkarlığın, investisiya mühitinin və müasir maliyyə institutlarının inkişafına da müsbət təsir göstərə bilər.
Nağı Cavadov – Zərdab rayonu Alıcanlı kənd sakini




















