İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb
Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan hadisələrdən biri də üçrəngli bayrağımızın yenidən dövlət bayrağı kimi qəbul olunmasıdır. Bu tarixi addım xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən atılmış və Azərbaycanın müstəqilliyə gedən yolunda mühüm dönüş nöqtəsinə çevrilmişdir. Ulu Öndərin siyasi uzaqgörənliyi, milli ruhu və xalqına bağlılığı nəticəsində Azərbaycan xalqının milli azadlıq arzuları daha da güclənmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qəbul edildi. Həmin dövrdə Sovet İttifaqı hələ mövcud idi və belə bir qərarın qəbul olunması böyük cəsarət tələb edirdi. Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən həmin tarixi sessiyada üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. Bu addım Azərbaycan xalqının milli müstəqillik iradəsinin açıq ifadəsi idi.
Üçrəngli bayrağımız xalqımızın milli kimliyini, azadlıq ruhunu və dövlətçilik ənənələrini özündə əks etdirir. Bayrağımızdakı mavi rəng türkçülüyü, qırmızı müasirliyi və inkişafı, yaşıl isə islam mədəniyyətinə bağlılığı ifadə edir. Ulu Öndər Heydər Əliyev bu müqəddəs bayrağın yenidən ucaldılması ilə Azərbaycan xalqının milli mənliyinin qorunmasına və gələcək müstəqilliyimizin təməl prinsiplərinin formalaşmasına böyük töhfə verdi.
Naxçıvanda qəbul edilən bu tarixi qərar Azərbaycanın müstəqilliyə doğru atdığı ilk mühüm addımlardan biri oldu. Ulu Öndər Sovet imperiyasının mövcud olduğu bir dövrdə belə xalqının milli maraqlarını hər şeydən üstün tutduğunu nümayiş etdirdi. Bu, onun xalqına, dövlətinə və milli dəyərlərinə sonsuz bağlılığının parlaq nümunəsi idi. Ulu Öndər Heydər Əliyevin həmin dövrdə göstərdiyi qətiyyət və siyasi iradə Azərbaycanın gələcək müstəqilliyinin ideoloji əsaslarını formalaşdırdı.
1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək üçün mühüm tədbirlər həyata keçirdi. Ölkədə siyasi sabitlik bərpa olundu, hüquqi dövlət quruculuğuna başlanıldı və iqtisadi inkişaf üçün möhkəm təməl yaradıldı. Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutdu.
Bu gün Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənmiş, dövlətçiliyimiz möhkəmlənmiş və ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində iqtisadi inkişaf təmin olunmuş, sosial rifah yüksəlmiş və Azərbaycan regionun lider dövlətinə çevrilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edildi və üçrəngli bayrağımız Qarabağda qürurla dalğalandı. Bu böyük Qələbə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin və milli birlik ideologiyasının təntənəsi oldu. Bu gün azad edilmiş torpaqlarda aparılan geniş quruculuq işləri Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirir.
Ulu Öndər Heydər Əliyevin üçrəngli bayrağımızın yenidən dövlət bayrağı kimi qəbul olunması istiqamətində atdığı tarixi addım Azərbaycanın müstəqillik yolunun başlanğıcı oldu. Onun həyata keçirdiyi dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı öz müstəqil dövlətində qürurla yaşayır və üçrəngli bayrağımız daim uca zirvələrdə dalğalanır.
Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova


















