İlham Əliyevin Prezident kimi Naxçıvana on yeddinci səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərləri ölkənin ayrılmaz tərkib hissəsi olan bu qədim diyarın sosial-iqtisadi inkişafının, müdafiə qabiliyyətinin, infrastrukturunun və insanların rifahının dövlət siyasətinin daim diqqət mərkəzində saxlanıldığının mühüm göstəricilərindən biridir. 2016-cı il 11 avqust tarixində Naxçıvana səfər də bu ardıcıl siyasətin növbəti mühüm mərhələsi kimi diqqəti cəlb edir. Səfər zamanı Azərbaycan Televiziyasına verilmiş müsahibədə dövlət başçısı Naxçıvanın inkişafı, burada həyata keçirilən genişmiqyaslı quruculuq işləri, sosial layihələr, enerji və infrastruktur təminatı, habelə muxtar respublikanın təhlükəsizliyinin möhkəmləndirilməsi məsələlərinə münasibət bildirmişdir.
Prezident İlham Əliyevin Naxçıvanla bağlı mövqeyinin əsas xüsusiyyəti ondan ibarətdir ki, muxtar respublikanın inkişafı yalnız ayrı-ayrı sahələr üzrə görülən işlərin məcmusu kimi deyil, vahid və uzunmüddətli dövlət siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. Dövlət başçısının həmin dövrdə dəfələrlə vurğuladığı kimi, Naxçıvanın inkişafı sistemli xarakter daşıyır və burada əldə olunan nəticələr təsadüfi deyil. Regionun sosial-iqtisadi inkişafına, müasir infrastrukturun yaradılmasına və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər ardıcıl şəkildə həyata keçirilmişdir. Naxçıvanın inkişaf göstəricilərinə nəzər saldıqda, son illər ərzində burada mühüm dəyişikliklərin baş verdiyi aydın görünür. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın qazlaşdırılmasının 100 faizə, elektrik enerjisi ilə təminatının da 100 faizə çatdığını bildirmişdir. Muxtar respublikada böyük enerji potensialının yaradılması, yaşayış məntəqələrinin müasir infrastrukturla təmin olunması və enerji təhlükəsizliyinin gücləndirilməsi Naxçıvanın sosial-iqtisadi inkişafında mühüm amillərdən biri olmuşdur. Eyni zamanda, bütün şəhərlərin magistral yollarla bir-birinə bağlanması, yolların yenidən qurulması və içməli su layihələrinin həyata keçirilməsi əhalinin gündəlik həyatına birbaşa təsir edən mühüm layihələr sırasında olmuşdur. Naxçıvanın inkişafında sənaye potensialının genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Prezidentin müsahibəsində qeyd olunan məlumatlara əsasən, muxtar respublikada sənaye istehsalının inkişafı və yeni istehsal sahələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu siyasətin əsas məqsədlərindən biri yerli resurslardan səmərəli istifadə etmək, yeni iş yerləri yaratmaq və iqtisadiyyatın müxtəlif sahələr üzrə şaxələndirilməsini təmin etmək olmuşdur. Naxçıvanın iqtisadi inkişaf dinamikası Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının muxtar respublikada da ardıcıl icra edilməsinin nəticəsi kimi qiymətləndirilə bilər. Dövlət başçısının Naxçıvana münasibətində sosial siyasət mühüm yer tutur. İnfrastruktur layihələrinin həyata keçirilməsi yalnız iqtisadi göstəricilərin yaxşılaşdırılması məqsədi daşımır. Bu layihələr eyni zamanda insanların rahat və təhlükəsiz yaşayışının təmin edilməsinə, təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, yaşayış məntəqələrinin abadlaşdırılmasına və yeni sosial obyektlərin yaradılmasına xidmət edir. Naxçıvanda müxtəlif illərdə xəstəxanaların, məktəblərin, idman obyektlərinin, mədəniyyət müəssisələrinin və digər sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi bu siyasətin praktiki nəticələrindəndir. Naxçıvanın inkişafı məsələsi ilə yanaşı, muxtar respublikanın təhlükəsizliyi də dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Geostrateji baxımdan mürəkkəb coğrafi mövqedə yerləşən Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Əlahiddə Ümumqoşun Ordunun yaradılması və onun maddi-texniki bazasının gücləndirilməsi mühüm addımlardan olmuşdur. Prezident İlham Əliyev sonrakı çıxış və müsahibələrində də Naxçıvanın müdafiə potensialına xüsusi diqqət yetirmiş, burada müasir silah və texnikanın yerləşdirildiyini və hərbi hissələrin yenidən qurulduğunu bildirmişdir. Naxçıvanın müdafiə imkanlarının gücləndirilməsi yalnız hərbi aspektdən deyil, dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunması baxımından da mühüm əhəmiyyət daşıyır. Sonrakı illərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun fəaliyyəti bu siyasətin nəticələrini daha aydın nümayiş etdirmişdir. Xüsusilə 2018-ci ildə həyata keçirilmiş Günnüt əməliyyatı nəticəsində strateji yüksəkliklərin nəzarətə götürülməsi Naxçıvanın müdafiə imkanlarının yüksək səviyyəsini nümayiş etdirən hadisələrdən biri olmuşdur. Prezident İlham Əliyev sonrakı müsahibələrində həmin əməliyyatın Azərbaycanın strateji mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd etmişdir. 2016-cı il səfərinin siyasi əhəmiyyətini həmin dövrün ümumi ictimai-siyasi və regional reallıqları fonunda da qiymətləndirmək lazımdır. Azərbaycan həmin illərdə bir tərəfdən qlobal iqtisadi proseslərin, neftin dünya bazar qiymətinin kəskin dəyişməsinin yaratdığı çağırışlarla üzləşir, digər tərəfdən Ermənistan-Azərbaycan münaqişəsi və regionda mövcud olan təhlükəsizlik problemləri ilə qarşılaşırdı. Buna baxmayaraq, dövlət siyasətinin əsas istiqamətlərindən biri iqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, regionların sosial-iqtisadi potensialından daha səmərəli istifadə olunması və əhalinin sosial müdafiəsinin təmin edilməsi olmuşdur. 11 avqust 2016-cı il tarixli Naxçıvan səfəri Prezident İlham Əliyevin muxtar respublikaya göstərdiyi davamlı diqqətin, burada həyata keçirilən quruculuq və inkişaf siyasətinə siyasi dəstəyinin növbəti nümunəsi olmuşdur. Bu səfərin əsas ideya xəttini Naxçıvanın inkişafının davamlılığı, insanların rifahının yüksəldilməsi, müasir infrastrukturun yaradılması, iqtisadi potensialın gücləndirilməsi və təhlükəsizliyin etibarlı təmin olunması təşkil edir. Bu istiqamətlər sonrakı illərdə də dövlət siyasətinin əsas prioritetləri olaraq davam etdirilmiş və Naxçıvanın Azərbaycanın sosial-iqtisadi və strateji həyatında rolunun daha da möhkəmlənməsinə xidmət etmişdir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi -Alagöz Namazova






















