image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17864742394384720754_1200x630

İlham Əliyevin Prezident kimi Naxçıvana 17-ci səfəri

image-legitimaz-810x90

İlham Əliyevin Prezident kimi Naxçıvana 17-ci səfəri.

 

Naxçıvana Prezident cənab İlham Əliyevin dövlət başçısı kimi 17-ci səfəri özlüyündə mühüm siyasi və ictimai əhəmiyyət daşıyır. Dövlət başçısının da qeyd etdiyi kimi, hər bir səfərin öz mənası və gözəl nəticələri vardır. Bu səfərin mahiyyəti isə xüsusilə genişdir. Çünki burada yalnız ayrı-ayrı obyektlərin açılışı və ya təməlqoyma mərasimləri deyil, Naxçıvanın gələcək inkişafının iqtisadi, sosial, enerji, nəqliyyat, təhsil, şəhərsalma, mədəniyyət və təhlükəsizlik istiqamətlərinin bir-biri ilə əlaqəli şəkildə təqdimatı baş verdi. Səfər zamanı təqdim olunan layihələr Naxçıvanın gələcək inkişaf modelinin praktiki ifadəsi idisə, Sərəncam həmin inkişafın maliyyə və təşkilati mexanizmlərini müəyyənləşdirən mühüm dövlət sənədidir. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsaitin müxtəlif istiqamətlər üzrə bölüşdürülməsi Naxçıvanın inkişafının kompleks xarakter daşıdığını göstərir. Son illər Naxçıvanda həyata keçirilən layihələrin miqyası və müxtəlifliyi artıq yeni inkişaf mərhələsinin formalaşdığını deməyə əsas verir. 2023-cü ildə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədlərindən biri davamlı iqtisadi artımın təmin edilməsi, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və Naxçıvanın ölkə iqtisadiyyatına tam inteqrasiyasının təmin olunmasıdır. Dövlət Proqramında biznes mühitinin yaxşılaşdırılması, investisiyaların cəlb edilməsi, ixracyönlü dəyər zəncirlərinin yaradılması, kənd yerlərində iqtisadi fəallığın artırılması, infrastrukturun və sosial xidmətlərin inkişaf etdirilməsi kimi istiqamətlər müəyyənləşdirilmişdir. 12 avqust 2026-cı il tarixli yeni Sərəncam məhz həmin strateji xəttin davamlılığını və yeni mərhələyə keçidini nümayiş etdirir. Sənəddə Naxçıvanın sosial-iqtisadi inkişafı ilə yanaşı, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, avtomobil yollarının əsaslı təmiri, ictimai nəqliyyat parkının yenilənməsi, təhsil infrastrukturlarının genişləndirilməsi, yaşayış binalarının təmiri və istilik sistemlərinin yaxşılaşdırılması kimi məsələlər konkret maliyyə təminatı ilə əlaqələndirilir. Prezident cənab İlham Əliyevin Naxçıvanda verdiyi müsahibənin əsas mesajlarından biri ondan ibarətdir ki, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı bundan sonra da təmin ediləcək. Bu fikrin arxasında artıq konkret layihələr və maliyyə resursları dayanır. Başqa sözlə, Naxçıvan üçün müəyyənləşdirilən hədəflər yalnız strateji niyyət kimi qalmır, onların həyata keçirilməsi üçün dövlət səviyyəsində müvafiq qərarlar qəbul edilir və maliyyə imkanları yaradılır. Bu baxımdan Naxçıvan Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Sənaye parkının təməlinin qoyulması Naxçıvan iqtisadiyyatında yeni istehsal mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ərazi baxımından Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra Azərbaycanda ikinci böyük sənaye parkı olacaq. Bu fakt layihənin miqyasını göstərməklə yanaşı, Naxçıvanın gələcəkdə istehsal, emal, investisiya və ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini də ortaya qoyur. Sənaye Parkının yaradılması ilə paralel enerji infrastrukturunun inkişaf etdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının tikintisinin nəzərdə tutulması regionun enerji təminatının yeni səviyyəyə qaldırılmasına xidmət edir. Prezidentin müsahibəsində qeyd etdiyi kimi, Naxçıvanın hazırkı generasiya gücü təqribən 200 meqavatdır və yeni stansiyanın yaradılması bu potensialı əhəmiyyətli dərəcədə artıracaq. Burada məqsəd yalnız mövcud tələbatı ödəmək deyil, gələcək iqtisadi inkişafı və elektrik enerjisi ixracı imkanlarını da nəzərə almaqdır.

 

Zərdab rayon ağsaqqallar şursının sədri-Rasim Hüseynov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki