İkitərəfli münasibətlər çox möhkəm – həm mənəvi, həm də maddi təməl üzərində qurulub
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, həm mənəvi, həm də maddi baxımdan möhkəm təməl üzərində formalaşmışdır. İki ölkəni birləşdirən münasibətlər yalnız siyasi və iqtisadi maraqlara əsaslanmır. Xalqlarımızın ortaq tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və qarşılıqlı hörmət bu əlaqələrin əsasını təşkil edir. Məhz bu amillər Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın davamlı və uzunmüddətli xarakter almasına imkan verir. Dünya siyasətində siyasi maraqlar, iqtisadi münasibətlər və mənəvi yaxınlığın bu qədər sıx şəkildə bir-birini tamamladığı münasibətlərə nadir hallarda rast gəlinir. Azərbaycan və Özbəkistan münasibətləri bu baxımdan xüsusi nümunə təşkil edir. İki ölkənin rəhbərlərinin qarşılıqlı etimada əsaslanan siyasəti əlaqələrin bütün istiqamətlərdə inkişafına şərait yaradır. Dövlətlər arasında siyasi dialoqun yüksək səviyyədə olması iqtisadi, humanitar, sosial və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərir. İki ölkə hökumətlərinin əsas məqsədlərindən biri iqtisadi inkişafı sürətləndirmək, əhalinin rifahını yüksəltmək və daha yaxşı həyat şəraitinin yaradılmasına nail olmaqdır. Bu baxımdan Azərbaycan və Özbəkistanın bir-birinin təcrübəsindən yararlanması və mövcud imkanlarını birləşdirməsi mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlər və həyata keçirilən birgə layihələr bu əməkdaşlığın praktik nəticələrini nümayiş etdirir. Azərbaycan-Özbəkistan münasibətlərində iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Qarşılıqlı investisiyaların artırılması, yeni müəssisələrin yaradılması, sənaye və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə etməyə imkan verir. Bu proses yalnız iki ölkənin iqtisadiyyatına deyil, bütövlükdə regionun iqtisadi inkişafına da müsbət təsir göstərir. Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması prosesində iştirakı ikitərəfli münasibətlərin xüsusi istiqamətlərindən biridir. Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiyaların cəlb edilməsində və bu prosesə dəstək göstərilməsində mühüm rolu vardır. Özbəkistanın Qarabağda həyata keçirilən ilk layihələrə verdiyi dəstək iki ölkə arasında həm siyasi etimadın, həm də dostluq münasibətlərinin mühüm göstəricisidir. Özbəkistan tərəfindən Füzuli şəhərində Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Məktəbin inşası yalnız təhsil müəssisəsinin yaradılması kimi qiymətləndirilə bilməz. Bu layihə Azərbaycanın azad edilmiş ərazilərində bərpa və quruculuq prosesinə Özbəkistanın mənəvi və praktiki dəstəyinin ifadəsidir. Təhsil sahəsinə qoyulan bu investisiya gələcək nəsillərin inkişafına və regionda normal həyatın bərpasına xidmət edir. Özbəkistanın Xankəndidə tikiş fabrikinə investisiya yatırması da iki ölkə arasında iqtisadi əməkdaşlığın konkret nümunələrindəndir. Belə layihələr azad edilmiş ərazilərdə yeni iş yerlərinin yaradılmasına, yerli iqtisadi fəallığın artırılmasına və əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaradır. Bununla yanaşı, sənaye müəssisələrinin yaradılması regionun iqtisadi potensialının formalaşdırılmasına və gələcəkdə digər investisiya layihələrinin cəlb edilməsinə də imkan verir. Qarabağda ilk böyük sənaye müəssisələrindən birinin Özbəkistanla əlaqəli olması da iki ölkə arasında iqtisadi münasibətlərin səviyyəsini göstərən mühüm amildir. Sənaye layihələri regionun yalnız bərpasına deyil, həm də uzunmüddətli iqtisadi inkişafına xidmət edir. Yeni istehsal müəssisələrinin yaradılması məhsul istehsalının artırılması, məşğulluğun genişləndirilməsi və regionun iqtisadi dövriyyəyə daha sürətli inteqrasiyası baxımından əhəmiyyətlidir. Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq yalnız Qarabağ və Şərqi Zəngəzurla məhdudlaşmır. Ölkələrin digər regionlarında da qarşılıqlı fəaliyyət və investisiya layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Müxtəlif sahələr üzrə yeni layihələrin hazırlanması iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə şərait yaradır. Bu baxımdan mövcud əməkdaşlığın gələcəkdə daha geniş coğrafiyanı əhatə edəcəyi gözlənilir. İki ölkə arasında qarşılıqlı fəaliyyət planlarının olması münasibətlərin sistemli şəkildə inkişaf etdirildiyini göstərir. Bu planlar sənaye, kənd təsərrüfatı, nəqliyyat, investisiya, ticarət, təhsil və digər istiqamətləri əhatə edə bilər. Birgə layihələrin sayının artırılması iqtisadi əlaqələrin daha dayanıqlı və uzunmüddətli xarakter almasına imkan verir. Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də regional layihələrdir. İki ölkə arasında həyata keçirilən müxtəlif layihələrin açılışı və yeni layihələrin təməlinin qoyulması zamanı regional əhəmiyyət daşıyan təşəbbüslərin də diqqət mərkəzində olması əməkdaşlığın yalnız ikitərəfli çərçivədə qalmadığını göstərir. Bu layihələr region ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı imkanların artırılması baxımından əhəmiyyətlidir. İkitərəfli münasibətlərin möhkəmliyini təmin edən digər mühüm amil xalqlar arasında mövcud olan mənəvi yaxınlıqdır. Azərbaycan və Özbəkistan xalqları uzun illər ərzində ortaq tarixi və mədəni dəyərləri bölüşüblər. Bu yaxınlıq dövlətlərarası münasibətlərin inkişafına güclü ictimai dəstək verir. Mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və digər humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi xalqlar arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Təhsil sahəsində həyata keçirilən layihələr də xüsusi əhəmiyyət daşıyır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin yaradılması bu əməkdaşlığın simvolik nümunələrindən biridir. Bu cür layihələr yalnız bugünkü ehtiyacların ödənilməsinə deyil, həm də gələcək nəsillər arasında əlaqələrin inkişafına xidmət edir. Gənclər arasında qarşılıqlı mübadilələrin, təhsil və mədəni proqramların artırılması iki ölkənin gələcək münasibətlərinin daha da möhkəm olmasına şərait yarada bilər. İqtisadi və mənəvi bağların bir-birini tamamlaması Azərbaycan-Özbəkistan münasibətlərinin əsas xüsusiyyətlərindən biridir. Bir tərəfdən dövlətlər arasında investisiya, ticarət və sənaye layihələri genişlənir, digər tərəfdən isə xalqlar arasında tarixi və mədəni yaxınlıq daha da möhkəmlənir. Bu iki istiqamətin paralel inkişafı münasibətlərin dayanıqlı xarakter daşımasına imkan verir. Qarabağın və digər azad edilmiş ərazilərin bərpasında Özbəkistanın iştirakı bu dostluğun real nəticələrini göstərir. Məktəb, sənaye müəssisəsi və digər layihələr vasitəsilə Özbəkistan Azərbaycanın bərpa prosesinə konkret töhfələr verir. Eyni zamanda bu layihələr gələcəkdə Azərbaycan və Özbəkistan şirkətləri arasında daha böyük əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. Ümumilikdə, Azərbaycan və Özbəkistan arasında münasibətlərin gələcək inkişafı üçün böyük potensial mövcuddur. Qarşılıqlı investisiyaların artırılması, yeni sənaye və sosial layihələrin həyata keçirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və humanitar əməkdaşlığın gücləndirilməsi bu münasibətləri daha yüksək səviyyəyə çıxara bilər. Mövcud siyasi etimad və qarşılıqlı dəstək isə bu proses üçün möhkəm baza yaradır.
Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov






















