İki ölkə arasında sarsılmaz müttəfiqlik münasibətləri.
Azərbaycan və Türkiyə arasında mövcud olan münasibətlər dünya dövlətləri arasında nadir rast gəlinən qardaşlıq və müttəfiqlik nümunəsidir. Bu münasibətlərin əsasında ortaq tarix, dil, din, mədəniyyət, milli-mənəvi dəyərlər və əsrlər boyu formalaşmış qardaşlıq bağları dayanır. Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” ifadəsi bu münasibətlərin mahiyyətini ən dolğun şəkildə əks etdirir. Bu prinsip bu gün də Azərbaycan və Türkiyə arasındakı əlaqələrin əsas ideoloji sütunu olaraq qalır. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşlarla əməkdaşlığının genişləndirilməsi mühüm prioritetlərdən biri olmuşdur. Bu istiqamətdə Türkiyə Respublikası hər zaman Azərbaycanın yanında olmuş, ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi tarixə düşmüşdür. Sonrakı dövrlərdə iki ölkə arasında siyasi, iqtisadi, hərbi, humanitar və mədəni sahələrdə əlaqələr davamlı şəkildə inkişaf etmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda Türkiyə ilə münasibətlər xüsusi yer tutur. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan-Türkiyə birliyi təkcə iki dövlət üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində son illərdə iki ölkə arasında əməkdaşlıq daha da möhkəmlənmiş, strateji müttəfiqlik münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətlərindən biri Azərbaycanın beynəlxalq nüfuzunun artırılması və ölkənin regional lider dövlətə çevrilməsinin təmin olunması olmuşdur. Bu siyasətin nəticəsi olaraq Azərbaycan və Türkiyə regionun siyasi və iqtisadi həyatında mühüm rol oynayan iki qardaş dövlət kimi çıxış edir. İki ölkənin rəhbərləri arasında formalaşmış yüksək səviyyəli dostluq və qarşılıqlı etimad münasibətləri dövlətlərarası əlaqələrin inkişafına mühüm töhfə verir. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda hər iki dövlət ortaq mövqedən çıxış edir, bir-birinin milli maraqlarını müdafiə edir. Bu həmrəylik iki ölkənin beynəlxalq arenada mövqelərinin daha da güclənməsinə xidmət edir.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının növbəti dəfə bütün dünyaya nümayiş etdirildiyi tarixi dövr olmuşdur. Müharibə zamanı Türkiyə Respublikasının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək qardaşlıq münasibətlərinin gücünü bir daha ortaya qoymuşdur. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etmişdir. Bu tarixi Qələbə Azərbaycan dövlətinin gücünü və xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirmişdir. Müharibədən sonrakı dövrdə də Türkiyə Azərbaycanın yanında olmuş, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə dəstək göstərmişdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Müasir şəhərlərin, kəndlərin, yolların, hava limanlarının və sosial infrastrukturun yaradılması Azərbaycanın inkişaf potensialını daha da artırır.
2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı olmuşdur. Bu mühüm sənəd iki ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirmiş, əməkdaşlığın bütün sahələr üzrə daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi baza yaratmışdır. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin gələcək inkişaf strategiyasında mühüm yer tutur və qardaşlıq münasibətlərinin əbədi olduğunu bir daha təsdiqləyir.
Humanitar sahədə əməkdaşlıq da iki ölkə arasında əlaqələrin mühüm istiqamətlərindən biridir. Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində həyata keçirilən layihələr xalqlarımız arasındakı dostluq və qardaşlıq bağlarını daha da gücləndirir. Müxtəlif mübadilə proqramları, forumlar, festivallar və beynəlxalq tədbirlər Azərbaycan və Türkiyə gənclərinin bir-birini daha yaxından tanımasına şərait yaradır.
Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində Prezident İlham Əliyevin fəaliyyəti xüsusi qeyd edilməlidir. Dövlət başçısının təşəbbüsləri nəticəsində türk dövlətləri arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan və Türkiyə bu prosesin aparıcı qüvvələri kimi çıxış edərək ortaq tarixi və mədəni dəyərlərin qorunmasına, iqtisadi və siyasi əlaqələrin genişlənməsinə mühüm töhfələr verirlər. Bu gün Azərbaycan və Türkiyə arasındakı münasibətlər təkcə iki dövlətin maraqlarına deyil, bütövlükdə regionun inkişafına və sabitliyinə xidmət edir. Qarşılıqlı hörmət, etimad, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan bu münasibətlər ildən-ilə daha da möhkəmlənir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmiş, Türkiyə ilə əlaqələr isə ən yüksək səviyyəyə yüksəlmişdir.
Azərbaycan-Türkiyə münasibətləri müasir dünyanın ən güclü qardaşlıq və müttəfiqlik nümunələrindən biridir. Bu münasibətlərin təməlində ortaq tarix, milli-mənəvi dəyərlər, qarşılıqlı dəstək və siyasi iradə dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan və Türkiyə gələcəyə birlikdə addımlayır, regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasına mühüm töhfələr verməyə davam edir.
Cəvahir Murtuzayeva – Zərdab Gənclər evinin psixoloqu






















