İki ölkə arasında sarsılmaz müttəfiqlik münasibətləri.
Azərbaycan və Türkiyə xalqları əsrlər boyu ortaq tarixə, mədəniyyətə, dilə, adət-ənənələrə və mənəvi dəyərlərə malik olmuşlar. Bu yaxınlıq təkcə etnik və mədəni bağlılıqla məhdudlaşmır, eyni zamanda siyasi, iqtisadi və strateji sahələrdə də özünü aydın şəkildə göstərir. Məhz bu səbəbdən Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutur və dünyanın bir çox ölkələri tərəfindən nümunəvi əməkdaşlıq modeli kimi qiymətləndirilir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu “Bir millət, iki dövlət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin əsas fəlsəfəsini təşkil edir. Bu prinsip ölkələr arasında qurulan münasibətlərin sadəcə diplomatik əlaqələrdən ibarət olmadığını, xalqların ortaq taleyə və gələcəyə sahib olduğunu göstərir. Son illərdə həyata keçirilən irimiqyaslı layihələr, qarşılıqlı investisiyalar və regional təşəbbüslər iki ölkənin iqtisadi inkişafına mühüm təsir göstərmişdir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlətlərdən biri Türkiyə Respublikası olmuşdur. Bu addım Türkiyənin Azərbaycana olan qardaş münasibətinin və siyasi dəstəyinin bariz nümunəsi idi. Sonrakı illərdə hər iki ölkə arasında diplomatik, siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə əlaqələr sürətlə inkişaf etmiş, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətləri formalaşmışdır. 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsasını qoymuşdur. Tarixi Zəfərdən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada imzalanan bu sənəd təkcə iki dövlət arasında münasibətlərin hüquqi bazasını daha da gücləndirməmiş, eyni zamanda regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi sənəd kimi tarixə düşmüşdür. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin rəsmən təsbit olunmasını təmin etmişdir. Bəyannamədə siyasi münasibətlər, təhlükəsizlik, müdafiə sənayesi, hərbi əməkdaşlıq, iqtisadi əlaqələr, nəqliyyat, enerji, təhsil, mədəniyyət və gənclər siyasəti sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Sənəd iki ölkənin milli maraqlarının qorunması və ortaq fəaliyyət mexanizmlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsinin əsas məqamlarından biri təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsidir. Sənədə əsasən, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid və ya təcavüz olduğu halda qarşılıqlı məsləhətləşmələr aparacaq və zəruri tədbirlər görəcəklər. Bu müddəa iki dövlət arasında strateji müttəfiqliyin nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilmişdir. Müharibə dövründə Türkiyə rəhbərliyinin qətiyyətli mövqeyi beynəlxalq ictimaiyyətə mühüm mesaj vermişdir. Şuşa Bəyannaməsi isə həmin qardaşlıq münasibətlərini daha da möhkəmləndirərək yeni hüquqi müstəviyə daşımışdır.
Bəyannamənin mühüm istiqamətlərindən biri də iqtisadi əməkdaşlığın inkişaf etdirilməsidir. Azərbaycan və Türkiyə regionun aparıcı iqtisadi tərəfdaşları kimi enerji, nəqliyyat və logistika layihələrinin həyata keçirilməsində yaxından iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu kimi beynəlxalq layihələr iki ölkənin birgə fəaliyyətinin uğurlu nəticələridir. Bu layihələr yalnız Azərbaycan və Türkiyənin deyil, bütövlükdə Avropa və Asiyanın enerji və nəqliyyat təhlükəsizliyinə mühüm töhfə verir. Şuşa Bəyannaməsi Zəngəzur dəhlizinin açılması və regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının yaradılması baxımından da böyük əhəmiyyət kəsb edir. Bu layihənin həyata keçirilməsi Türk dünyasının inteqrasiyasını gücləndirəcək, iqtisadi əlaqələrin genişlənməsinə və regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir. İki ölkə arasında əməkdaşlıq yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Təhsil, elm, mədəniyyət, idman və gənclər siyasəti istiqamətlərində də geniş əlaqələr mövcuddur. Azərbaycan və Türkiyə gənclərinin birgə layihələrdə, forumlarda, düşərgələrdə və müxtəlif beynəlxalq tədbirlərdə iştirakı xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması və ortaq tarixə bağlılığının gücləndirilməsi hər iki dövlət üçün prioritet məsələlərdən biridir. Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlıq da Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında mühüm rol oynayır. Hər iki ölkə türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq layihələrin reallaşdırılması və beynəlxalq arenada türk dövlətlərinin mövqelərinin gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərir. Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün sabitlik, təhlükəsizlik və inkişaf sənədidir. Bu sənəd Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına, sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək inkişaf mərhələsini yaşayır. Dövlət başçıları arasında mövcud olan səmimi münasibətlər, xalqlar arasında qardaşlıq bağları və ortaq strateji maraqlar iki ölkənin gələcək əməkdaşlığı üçün möhkəm zəmin yaradır. Şuşa Bəyannaməsi bu münasibətlərin hüquqi və siyasi əsaslarını daha da gücləndirərək Azərbaycan-Türkiyə qardaşlığını əbədi və sarsılmaz edən mühüm sənəd kimi tarixə həkk olunmuşdur. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artıran, regionda yeni inkişaf imkanları yaradan və iki qardaş xalqın birliyini daha da möhkəmləndirən tarixi sənəddir. Bu sənəd “Bir millət, iki dövlət” prinsipinin real siyasi təcəssümü olmaqla yanaşı, gələcək nəsillərə ötürüləcək möhkəm dostluq və qardaşlıq körpüsüdür.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri – Əvəz Soltanov





















