II Qarabağ müharibəsində əldə olunmuş möhtəşəm Zəfər.
27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərini əhatə edən 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının müasir tarixində ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş mühüm hərbi-siyasi hadisə oldu. Müharibə Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də Azərbaycan mövqelərinə genişmiqyaslı hücumundan sonra başlandı və Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı ilə davam etdi. Azərbaycan Respublikasının Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamında qeyd edildiyi kimi, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Şuşa şəhəri, Hadrut qəsəbəsi, Suqovuşan, Zəngilan rayonunun Mincivan, Ağbənd və Bartaz qəsəbələri, Xocavənd, Tərtər, Xocalı və Laçın rayonlarının bir sıra kəndləri daxil olmaqla 300-dən çox yaşayış məntəqəsi, habelə Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər azad edildi. Müharibənin ilk günlərindən etibarən Azərbaycan Ordusunun hərbi əməliyyatları müxtəlif istiqamətlərdə inkişaf etdirildi. 3 oktyabrda Suqovuşan, 4 oktyabrda Cəbrayıl şəhəri, 9 oktyabrda Hadrut qəsəbəsi, 17 oktyabrda Füzuli şəhəri, 20 oktyabrda Zəngilan şəhəri, 25 oktyabrda Qubadlı şəhəri, 8 noyabrda isə Şuşa şəhəri azad edildi. Bu ardıcıllıq Azərbaycan Ordusunun cənub və cənub-qərb istiqamətlərində irəliləməsinin və Ermənistan silahlı qüvvələrinin müdafiə xəttinin mərhələli şəkildə yarılmasının əsas göstəricilərindən biri idi. Müdafiə Nazirliyinin məlumatına əsasən, müharibə ərzində düşmənin uzun illər ərzində yaratdığı mühəndis-istehkam sistemləri dəf edildi və strateji yüksəkliklərin nəzarətə götürülməsi sonrakı əməliyyatlar üçün mühüm üstünlük yaratdı.
8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mühüm hadisələrindən biri oldu. Şəhərin mürəkkəb dağlıq relyefdə yerləşməsi və uzun illər ərzində möhkəmləndirilmiş müdafiə mövqeləri ilə əhatə olunması Şuşa əməliyyatının xüsusi xarakterini müəyyənləşdirdi. Azərbaycan Prezidentinin sonrakı çıxışında Şuşa əməliyyatı zamanı Azərbaycan hərbçilərinin çətin coğrafi şəraitdə, bir sıra hallarda yalnız yüngül silahlarla və yaxın məsafəli döyüşlərdə şəhərə daxil olduqları qeyd edilib. Şuşanın azad olunması müharibənin gedişinə ciddi təsir göstərdi və bundan sonra Ermənistan tərəfi atəşin dayandırılması ilə bağlı razılaşmaya getdi. Şuşanın azad edilməsindən sonra 9 noyabrda Azərbaycan Ordusunun bir sıra istiqamətlərdə irəliləyişi davam etdi və növbəti gün – 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edildi. Bəyanata əsasən, 10 noyabr 2020-ci il saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırıldı. Tərəflər həmin vaxt tutduqları mövqelərdə qalmalı idilər. Sənəd Ermənistanın Ağdam rayonunu 20 noyabradək, Kəlbəcər rayonunu 15 noyabradək, Laçın rayonunu isə 1 dekabradək Azərbaycana qaytarmasını nəzərdə tuturdu.Üçtərəfli bəyanatın mühüm nəticələrindən biri də Azərbaycan ətrafında işğal altında qalan rayonların hərbi əməliyyat aparılmadan Azərbaycana qaytarılması oldu. 20 noyabr 2020-ci ildə Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın Azərbaycana qaytarıldı. Beləliklə, 44 günlük müharibə nəticəsində hərbi yolla azad edilmiş ərazilərlə yanaşı, razılaşmanın şərtlərinə əsasən Azərbaycanın nəzarətinə qaytarılan rayonlar da ölkənin ərazi bütövlüyünün bərpası prosesini tamamlayan mühüm mərhələ təşkil etdi. Üçtərəfli bəyanatda həmçinin məcburi köçkünlərin və qaçqınların regiona qayıtması, hərbi əsirlərin və digər saxlanılan şəxslərin, habelə meyitlərin mübadiləsi və bölgədə iqtisadi-nəqliyyat əlaqələrinin bərpası ilə bağlı müddəalar yer aldı.
Veteran müəllim Etibar Niftəliyev























