Heydər Əliyevin fəaliyyətində qərarların icrasına nəzarət, məsul şəxslərin müəyyənləşdirilməsi və nəticələrin qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyırdı
Kadr siyasəti də Ulu Öndərin idarəçilik modelində xüsusi yer tuturdu. Güclü dövlət idarəçiliyinin peşəkar kadrlarsız mümkün olmadığını yaxşı bilən Heydər Əliyev gənclərin təhsil almasına, müxtəlif ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasına böyük diqqət göstərirdi. Azərbaycandan olan gənclərin müxtəlif ali məktəblərdə təhsil alması və sonradan ölkənin müxtəlif sahələrində çalışması uzunmüddətli kadr siyasətinin mühüm nəticələrindən biri olmuşdur.
Peşəkar idarəetmənin başqa bir mühüm xüsusiyyəti düzgün prioritetlərin müəyyən edilməsidir. Dövlətin bütün problemlərini eyni vaxtda və eyni səviyyədə həll etmək mümkün deyil. Buna görə də mövcud imkanları nəzərə alaraq ən vacib məsələləri müəyyənləşdirmək və həmin istiqamətlər üzrə ardıcıl tədbirlər həyata keçirmək lazımdır. Heydər Əliyevin idarəçilik fəaliyyətində də strateji prioritetlərin müəyyənləşdirilməsi mühüm yer tutmuşdur.
Azərbaycanın müstəqilliyinin ilk illəri ölkə üçün mürəkkəb siyasi və iqtisadi şəraitlə xarakterizə olunurdu. Belə bir dövrdə dövlət idarəçiliyinin qarşısında çoxsaylı və bir-biri ilə əlaqəli problemlər dayanırdı. Ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və milli təhlükəsizlik məsələlərinin həlli mühüm vəzifələr sırasında idi.
Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı məhz belə mürəkkəb şəraitə təsadüf etmişdir. Bu dövrdə əsas məsələlərdən biri dövlət idarəçiliyinin sistemli şəkildə qurulması və ölkədə sabitliyin möhkəmləndirilməsi idi. Ulu Öndərin rəhbərliyi ilə dövlət institutlarının fəaliyyətinin gücləndirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və qanunvericilik bazasının formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi də dövlət idarəçiliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından mühüm hadisə olmuşdur. Konstitusiya müstəqil Azərbaycanın hüquqi və siyasi sisteminin əsas prinsiplərini müəyyənləşdirdi. Dövlət hakimiyyətinin təşkili, insan və vətəndaş hüquq və azadlıqları, dövlət və cəmiyyət münasibətləri ilə bağlı fundamental müddəalar əsas qanunda öz əksini tapdı.
Peşəkar idarəetmə yalnız qərar qəbul etmək deyil, həm də həmin qərarların icrasını təşkil etmək bacarığıdır. İdarəçi qarşıya məqsəd qoymaqla yanaşı, bu məqsədə çatmaq üçün konkret mexanizmlər də müəyyən etməlidir. Heydər Əliyevin fəaliyyətində qərarların icrasına nəzarət, məsul şəxslərin müəyyənləşdirilməsi və nəticələrin qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyırdı.
Ulu Öndərin idarəçilik üslubunda tələbkarlıqla yanaşı, məsuliyyət anlayışı da xüsusi yer tuturdu. Dövlət vəzifəsi daşıyan şəxslərin qarşısında əsas tələblərdən biri xalqa xidmət etmək, dövlət maraqlarını qorumaq və üzərinə düşən vəzifəni vicdanla yerinə yetirmək idi. Bu yanaşma dövlət idarəçiliyində məsuliyyətli münasibətin formalaşmasına təsir edən əsas amillərdən biri olmuşdur.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru


























