Heydər Əliyevin Azərbaycan xalqının məhəbbətini qazanmasının əsas səbəblərindən biri də onun dövlətçilik məsələlərinə əhəmiyyət verməsi olmuşdur
Ulu Öndər dövlət idarəçiliyində mövcud olan problemlərin aradan qaldırılması, dövlət institutlarının möhkəmləndirilməsi və ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atdı. Onun siyasi fəaliyyətində dövlətçilik prinsipi əsas istiqamətlərdən birinə çevrildi. Dövlətin möhkəmliyi, qanunun aliliyi və milli maraqların qorunması siyasi kursun əsas elementləri kimi ön plana çəkildi.
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müasir iqtisadi tarixində mühüm hadisələrdən biri oldu. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsinə xarici şirkətlərin cəlb olunması ölkəyə böyük həcmdə investisiyaların gəlməsinə imkan yaratdı. Neft strategiyasının həyata keçirilməsi nəticəsində əldə olunan gəlirlər sonrakı illərdə iqtisadi və sosial layihələrin maliyyələşdirilməsi üçün mühüm resurs yaratdı. Heydər Əliyevin dövlətçilik fəaliyyətində Azərbaycan Ordusunun formalaşdırılması və gücləndirilməsi də mühüm istiqamətlərdən biri olmuşdur. Müstəqil dövlətin özünün güclü ordusunun olması dövlət suverenliyinin əsas şərtlərindən biri idi. Ordu quruculuğu ilə yanaşı, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və ölkənin milli maraqlarının beynəlxalq səviyyədə müdafiəsi istiqamətində də ardıcıl siyasət aparılmışdır. Ulu Öndərin siyasi irsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi xüsusi yer tutur. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsas hüquqi bazasını formalaşdırdı. Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqları, dövlət hakimiyyətinin təşkili və digər mühüm hüquqi prinsiplər öz əksini tapdı.
Heydər Əliyevin dövlətçilik fəaliyyətində qanunçuluq və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Dövlətin inkişafının yalnız iqtisadi göstəricilərlə ölçülmədiyini, bununla yanaşı, güclü idarəçilik sisteminin, qanunlara hörmətin və vətəndaşların hüquqlarının təmin edilməsinin vacib olduğunu qeyd etmək olar. Ulu Öndərin xalqla münasibətlərində də xüsusi xüsusiyyətlər diqqəti cəlb edirdi. O, müxtəlif bölgələrə səfərləri zamanı insanların problemləri ilə maraqlanır, müxtəlif sosial qrupların nümayəndələri ilə görüşlər keçirir, onların fikir və təkliflərini dinləyirdi. Xalqla birbaşa ünsiyyət dövlət idarəçiliyinin mühüm elementlərindən biri kimi qəbul edilirdi.
Heydər Əliyevin Azərbaycan xalqının məhəbbətini qazanmasının əsas səbəblərindən biri də onun dövlətçilik məsələlərinə xüsusi əhəmiyyət verməsi olmuşdur. Xalqın milli maraqları, Azərbaycanın müstəqilliyinin qorunması və dövlətin gələcək inkişafı onun siyasi fəaliyyətinin əsas mövzularından biri idi. Ulu Öndərin siyasi fəaliyyətində gənclər siyasəti də mühüm yer tuturdu. Gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi, təhsil alması, dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirak etməsi gələcəyin təminatı kimi qiymətləndirilirdi. Bu baxımdan gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması Azərbaycanın sonrakı inkişafında mühüm rol oynadı.
Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc


























