Milli Məclisin iclasında “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunub.
Musavat.com-un məlumatına görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev layihə barədə çıxış edib:
“Komitəmizin profilinə uyğun olaraq layihədə Müdafiə Nazirliyinin hərbi qulluqçularına münasibətdə pensiya təminatı mexanizminə təklif olunan dəyişikliklərin mahiyyəti ilə bağlı bildirmək istəyirəm ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atmış qalib Ordumuzun sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin başçısının uğurlu siyasətinin mühüm tərkib hissəsidir və ötən dövrdə bu istiqamətdə mühüm addımlar atılıb. Ölkə Prezidentinin təşəbbüsü ilə hərbçilərimizin sosial rifahının təminatında növbəti artımların edilməsinə hədəflənən yeni islahat tədbirinə başlanır. Məqsəd Müdafiə Nazirliyi hərbi qulluqçularının əməyinin ödənişi sisteminin beynəlxalq standartlara və qabaqcıl ordu quruculuğu olan ölkələrin təcrübəsinə uyğunlaşdırılması, əməkhaqlarında artımların edilməsidir”.

A.Nağıyevin sözlərinə görə, təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq:
“Hərbçilərin əməkhaqları ilə bağlı yeni islahat təklifi, həmçinin, pensiya təminatı üzrə tədbirləri də əhatə edir və onların sığorta kapitallarının daha çox artımına, gələcək pensiyalarının daha yüksək olmasına istiqamətlənib. Həmçinin hərbçilərə şamil olunan pensiya mexanizmi daha da təkmilləşdirilir”.
Komitə sədri vurğulayıb ki, bu islahat hərbçilərin daha çox xidmətdə qalmasını stimullaşdıracaq, daha çox xidmət etdikcə vəzifə və rütbələri, buna uyğun olaraq əməkhaqları, habelə pensiya kapitalları artacaq və gələcəkdə pensiyalarının daha yüksək olmasına imkan yaranacaq:
“İslahat hərbçilərlə bağlı pensiya təyinatı sisteminin əhəmiyyətli dərəcədə sadələşməsinə, onların pensiyalarının elektron qaydada hər hansı ünvana getmədən qısa vaxtda təyin olunmasına imkan yaradacaq. Qanun layihəsi birinci oxunuşda plenar iclasda ətraflı müzakirə edilib, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə edildikdən sonra plenar iclasa ikinci oxunuşda baxılması üçün tövsiyə olunub”.
Səsvermədən sonra sənəd qəbul olunub.


























