Həmrəyliyi, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik
Azərbaycan cəmiyyətinin möhkəmliyini və dayanıqlı inkişafını təmin edən fundamental amillərdən biri milli həmrəylik, qarşılıqlı hörmət və ictimai anlaşma prinsiplərinə əsaslanan birlik modelidir. Ölkədə tarixən formalaşmış birgəyaşayış ənənələri müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid cəmiyyət daxilində birləşməsinə, ortaq məqsədlər ətrafında səfərbər olunmasına və milli maraqların müdafiəsində həmrəy mövqe nümayiş etdirməsinə imkan verir. Azərbaycançılıq ideologiyası ölkədə ictimai birliyin, milli həmrəyliyin və ümumi vətəndaşlıq dəyərlərinin əsasını təşkil edir. Bu ideologiya etnik, dini və mədəni müxtəlifliyi cəmiyyətin ayrılmaz xüsusiyyəti kimi qəbul etməklə yanaşı, bütün vətəndaşları Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunması və ölkənin gələcək inkişafı naminə birləşdirir. Azərbaycançılıq ümumi mənsubiyyət hissinin gücləndirilməsinə, milli maraqların prioritet kimi qəbul edilməsinə və cəmiyyətin bütün təbəqələri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycanın müstəqillik tarixində qarşılaşdığı mürəkkəb sınaqlar milli birliyin və həmrəyliyin əhəmiyyətini aydın şəkildə nümayiş etdirmişdir. Ölkənin suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşı yaranmış təhdidlər cəmiyyətin müxtəlif təbəqələrinin ümumi məqsədlər ətrafında birləşməsinin vacibliyini ön plana çıxarmışdır. Belə şəraitdə vətəndaş həmrəyliyi dövlətçiliyin qorunması və milli maraqların müdafiəsi baxımından mühüm ictimai-siyasi amil kimi çıxış etmişdir.
Ermənistanın hərbi təcavüzü və Azərbaycan ərazilərinin işğalı dövründə, eləcə də 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı ölkədə mövcud olan milli birlik və həmrəylik xüsusi əhəmiyyət kəsb etmişdir. Müxtəlif etnik və dini qrupların nümayəndələrinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi istiqamətində nümayiş etdirdikləri həmrəylik ümumi vətəndaşlıq məsuliyyətinin və dövlətə sədaqətin təzahürü olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı xalqın vahid məqsəd ətrafında səfərbər olunması, milli maraqların müdafiəsində nümayiş etdirilən qətiyyət və birlik cəmiyyətin həmrəylik potensialını üzə çıxarmışdır. “Dəmir yumruq” rəmzi bu baxımdan milli birliyin, iradənin, əzmkarlığın və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin ifadəsinə çevrilmişdir. Müxtəlif mənşəli və dini mənsubiyyətli vətəndaşların ümumi amal ətrafında birləşməsi milli həmrəyliyin etnik və dini fərqlərdən üstün olan ümumvətəndaşlıq dəyərlərinə əsaslandığını göstərmişdir.
Azərbaycanda tarixən qorunub saxlanılmış multikultural dəyərlər və tolerantlıq ənənələri ictimai həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Müxtəlif mədəniyyətlərin və dini ənənələrin qarşılıqlı təsiri nəticəsində formalaşmış ictimai mühit fərqli kimliklərin qorunması ilə ümumi milli mənsubiyyətin uzlaşdırılmasına imkan verir. Bu yanaşma mədəni müxtəlifliyi parçalanma amili kimi deyil, cəmiyyətin zənginliyini və inkişaf imkanlarını artıran dəyər kimi nəzərdən keçirməyə əsas yaradır. Qarşılıqlı hörmət və anlaşmanın davamlılığı üçün inklüziv ictimai mühitin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Belə mühitdə müxtəlif etnik, dini və mədəni qrupların nümayəndələri öz kimliklərini qorumaqla yanaşı, ölkənin ictimai-siyasi və sosial həyatında fəal iştirak edə bilirlər. Bu, cəmiyyət daxilində bərabərhüquqluluğun möhkəmlənməsinə, sosial münasibətlərin sağlam əsaslar üzərində qurulmasına və ortaq gələcəyə dair məsuliyyət hissinin güclənməsinə xidmət edir.
Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri






















