image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17840091475416522071_1200x630

Güclü qonşuluq münasibətləri Azərbaycanın tranzit imkanlarını genişləndirir

image-legitimaz-810x90

Güclü qonşuluq münasibətləri Azərbaycanın tranzit imkanlarını genişləndirir

Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi uzun illər ərzində həyata keçirilən ardıcıl siyasətin və qonşu dövlətlərlə qurulan etibarlı əməkdaşlığın nəticəsidir. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, ölkənin tranzit potensialının reallaşdırılmasında əsas amillərdən biri region ölkələri ilə qarşılıqlı fəaliyyətin yüksək səviyyədə təşkil olunmasıdır.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi mühüm üstünlük olsa da, bu imkanların praktik nəticəyə çevrilməsi üçün uzunmüddətli və məqsədyönlü iş aparılıb. Onun sözlərinə görə, ölkə on ildən artıq müddətdə coğrafi üstünlüklərini real iqtisadi və nəqliyyat imkanlarına çevirmək istiqamətində ardıcıl addımlar atıb, beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm təşəbbüslər irəli sürüb.

Prezident qeyd edib ki, bu prosesdə ilk növbədə müasir nəqliyyat və logistika infrastrukturunun yaradılması əsas vəzifələrdən biri olub. Son illərdə avtomobil və dəmir yollarının yenilənməsi, liman və logistika imkanlarının genişləndirilməsi, beynəlxalq nəqliyyat marşrutlarının inkişaf etdirilməsi Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

İlham Əliyevin sözlərinə görə, fiziki infrastrukturun yaradılması qədər vacib olan digər amil qonşu ölkələrlə sağlam və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasıdır. Dövlət başçısı bildirib ki, qonşularla əməkdaşlıq olmadan heç bir ölkə etibarlı tranzit mərkəzinə çevrilə bilməz. Əgər region dövlətləri arasında münasibətlər lazımi səviyyədə deyilsə, beynəlxalq yükdaşımaların fasiləsiz və səmərəli təşkili də mümkün olmur.

Prezident diqqətə çatdırıb ki, Azərbaycan Avrasiyanın geniş coğrafiyasında Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verir. Bu əməkdaşlıq modeli təkcə nəqliyyat sahəsini deyil, enerji sektorunu da əhatə edir. Dövlət başçısı xatırladıb ki, Azərbaycanın təşəbbüsü və əsas maliyyə dəstəyi ilə həyata keçirilən enerji layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsi kimi çıxış edir.

İlham Əliyev bildirib ki, enerji layihələrində əldə olunan təcrübə hazırda nəqliyyat və bağlantı layihələrində də tətbiq olunur. Onun sözlərinə görə, ölkədə zəruri infrastruktur artıq formalaşdırılıb və hazırda əsas diqqət mövcud imkanların genişləndirilməsinə yönəldilir. Prezident qeyd edib ki, son dövrlərdə Azərbaycanın yerləşdiyi coğrafiyanın strateji əhəmiyyətinin daha da artacağı əvvəlcədən bu miqyasda proqnozlaşdırılmırdı. Məhz buna görə də artan yük axınını qarşılamaq üçün yeni genişləndirmə layihələri həyata keçirilir.

Dövlət başçısı vurğulayıb ki, Mərkəzi Asiya ölkələri, Gürcüstan, Türkiyə və Avropa tərəfdaşları ilə qurulan səmərəli əməkdaşlıq beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətini daha da gücləndirir. Onun sözlərinə görə, bütün bu istiqamətlər üzrə koordinasiyalı fəaliyyət Azərbaycanın etibarlı tərəfdaş və vacib tranzit ölkəsi kimi mövqeyini möhkəmləndirir, eyni zamanda regionda iqtisadi inteqrasiyanın və çoxtərəfli əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

 

Rəsul Abbasov – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki