Dünyada gedən mürəkkəb və ziddiyyətli proseslərin fonunda gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Azərbaycanda, Bakıda keçirilməsi mühüm siyasi və diplomatik hadisədir. Bu qərar bir qədər əvvəl qəbul edilsə də, hazırkı beynəlxalq şəraitdə onun əhəmiyyəti daha da artır. Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq münasibətlərdə fəal rolunu, əməkdaşlıq və dialoqa verdiyi önəmi bir daha göstərir. Azərbaycan təmsil olunduğu beynəlxalq və regional təşkilatlarda əməkdaşlığın inkişafına, qarşılıqlı anlaşmanın gücləndirilməsinə və fikir ayrılıqlarının dialoq yolu ilə həllinə çalışır. Ölkəmizin müxtəlif dövlətləri bir araya gətirən təşəbbüslərlə çıxış etməsi Azərbaycanın birləşdirici mövqeyini nümayiş etdirir. Bu baxımdan Bakı Zirvə Görüşünün keçirilməsi də mühüm əhəmiyyət daşıyır. İslam dünyası hazırda bir sıra ciddi çağırışlarla üz-üzədir. Müsəlman ölkələri arasında mövcud fikir ayrılıqları, qarşıdurmalar və anlaşılmazlıqlar ümumi həmrəyliyin möhkəmləndirilməsinə mane olur. Belə bir şəraitdə müsəlman ölkələrinin rəhbərlərinin Bakıda bir araya gəlməsi problemlərin müzakirəsi, qarşılıqlı mövqelərin öyrənilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm imkan yarada bilər. Azərbaycanın mövqeyi müsəlman ölkələri arasında birliyin və həmrəyliyin gücləndirilməsindən, problemlərin qarşıdurma yolu ilə deyil, dialoq və diplomatik vasitələrlə həllindən ibarətdir. Təbii ki, bunun üçün qarşılıqlı hörmət, siyasi iradə və bütün tərəflərin birgə səyləri lazımdır. Mövcud fikir ayrılıqlarına baxmayaraq, müsəlman ölkələrini birləşdirən ümumi dəyərlər və ortaq maraqlar əməkdaşlığın genişləndirilməsi üçün mühüm əsas yaradır. Zirvə Görüşünün əsas əhəmiyyəti yalnız siyasi məsələlərin müzakirəsi ilə məhdudlaşmır. İqtisadiyyat, təhsil, elm, mədəniyyət, humanitar əlaqələr, enerji, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi də gündəmdə ola bilər. Dövlətlər arasında bu istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi həm qarşılıqlı əlaqələrin möhkəmlənməsinə, həm də ümumi inkişafın sürətlənməsinə xidmət edə bilər. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi də bu baxımdan əhəmiyyətlidir. Bakı müxtəlif ölkələrin nümayəndələrinin bir araya gəldiyi və aktual məsələlərin müzakirə edildiyi beynəlxalq platformalardan birinə çevrilib. İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün də Bakıda keçirilməsi ölkəmizin dialoq və əməkdaşlıq məkanı kimi mövqeyini daha da gücləndirə bilər. Bununla yanaşı, türk dövlətlərinin müsəlman liderlərinin görüşlərinin müxtəlif ölkələrdə keçirilməsi və bu görüşlərin ənənəvi xarakter alması barədə təşəbbüs də diqqətəlayiqdir. Belə toplantıların hər il və ya iki ildən bir keçirilməsi siyasi, iqtisadi, mədəni və humanitar məsələlər üzrə müntəzəm fikir mübadiləsi aparmaq üçün davamlı platforma yarada bilər. Bu, həmçinin ortaq təşəbbüslərin müzakirəsinə və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə şərait yaradar. Müasir dövrdə dövlətlərin qarşısında dayanan bir çox problemlər yalnız bir ölkənin səyləri ilə həll edilə bilməz. İqtisadi və enerji təhlükəsizliyi, humanitar məsələlər, ərzaq təminatı, iqlim dəyişiklikləri və digər qlobal çağırışlar birgə fəaliyyət tələb edir. Bu baxımdan müsəlman ölkələri arasında təcrübə mübadiləsinin və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Gələn il Bakıda keçiriləcək Zirvə Görüşünün mühüm nəticələrindən biri də müsəlman ölkələri arasında dialoqun gücləndirilməsi və mövcud problemlərin həlli üçün yeni imkanların yaradılması ola bilər. Bunun üçün yalnız bəyanatlar deyil, konkret təşəbbüslər və davamlı əməkdaşlıq mexanizmləri vacibdir. Bakı Zirvə Görüşü müsəlman dünyasında birlik, həmrəylik və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platformaya çevrilə bilər. Azərbaycanın məqsədi ayrılıqları deyil, ümumi maraqları və bizi birləşdirən dəyərləri ön plana çıxarmaq, qarşıdurma əvəzinə dialoqa üstünlük verməkdir. Məhz birgə səylər və qarşılıqlı etimad əsasında müsəlman ölkələri arasında daha geniş əməkdaşlıq imkanlarının yaradılması mümkündür. Ümid etmək olar ki, Bakıda keçiriləcək bu mötəbər tədbir həm regiona, həm də beynəlxalq ictimaiyyətə sülh, həmrəylik və əməkdaşlıq mesajı verəcək, müsəlman ölkələri arasında qarşılıqlı anlaşmanın güclənməsinə və yeni birgə təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verəcək.
Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı- Bahar Qurbanova
























