image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1784029090_whatsapp-image-2026-07-14-at-15-34-22

Forum artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən-ilə artır

image-legitimaz-810x90

Forum artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən-ilə artır

 

Şuşa Qlobal Media Forumu qısa müddət ərzində beynəlxalq informasiya məkanında nüfuz qazanan və davamlı inkişaf edən platformaya çevrilmişdir. Dördüncü dəfə təşkil olunan Forum artıq yalnız Azərbaycanın media təşəbbüsü kimi deyil, qlobal informasiya siyasəti, media diplomatiyası və beynəlxalq əməkdaşlığın müzakirə edildiyi nüfuzlu beynəlxalq tədbir kimi qəbul edilir. Forumun coğrafiyasının hər il genişlənməsi, iştirakçı ölkələrin, beynəlxalq təşkilatların və aparıcı media qurumlarının sayının artması onun beynəlxalq xarakterinin gücləndiyini və qlobal media ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını təsdiq edir. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumundakı çıxışında vurğulamışdır ki, Forumun əsas məqsədi müxtəlif ölkələrdən olan media nümayəndələri arasında açıq dialoq yaratmaq, qlobal informasiya mühitində baş verən prosesləri müzakirə etmək, eyni zamanda Azərbaycanın reallıqlarını və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini beynəlxalq ictimaiyyətə birbaşa nümayiş etdirməkdir. Bu baxımdan Forum klassik media tədbiri olmaqdan çıxaraq beynəlxalq media diplomatiyasının mühüm platformalarından birinə çevrilmişdir. Forumun inkişaf dinamikası bunu konkret statistik göstəricilərlə də təsdiqləyir. IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160 nümayəndə, 30 xəbər agentliyi, 60-dan çox media qurumu və 10 beynəlxalq təşkilat iştirak etmişdir. İlk Forumla müqayisədə iştirakçıların həm sayı, həm də coğrafiyası əhəmiyyətli dərəcədə genişlənmiş, ümumilikdə son dörd ildə Forum 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirmişdir. Bu göstəricilər Forumun artıq regional çərçivəni aşaraq qlobal media əməkdaşlığının mühüm platformasına çevrildiyini nümayiş etdirir. Beynəlxalq münasibətlər sistemində informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, süni intellektin mediaya təsiri, media etikası və postmünaqişə dövründə informasiya siyasəti kimi aktual məsələlərin məhz Şuşada müzakirə olunması Forumun beynəlxalq əhəmiyyətini daha da artırır. Müxtəlif qitələrdən gələn jurnalistlərin, ekspertlərin, media rəhbərlərinin və beynəlxalq təşkilat nümayəndələrinin bir platformada fikir mübadiləsi aparması Şuşa Qlobal Media Forumunu qlobal media dialoqunun mühüm institutlarından birinə çevirir. Forumun iştirakçılarının ildən-ilə artması Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinin, ölkənin etibarlı tərəfdaş kimi qəbul edilməsinin və Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən açıq dialoq siyasətinin nəticəsi kimi qiymətləndirilə bilər. Bu tendensiya həm də Azərbaycanın beynəlxalq informasiya məkanında etibarlı tərəfdaş statusunu möhkəmləndirir, Şuşanın isə yalnız mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq media əməkdaşlığının və qlobal informasiya dialoqunun mühüm mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirir.

 

Veteran Müəllim Etibar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki