Əslində Heydər Əliyevin dövlətçilik təcrübəsi və idarəçilik bacarığı xalqımıza əvvəlki illərdən yaxşı məlum idi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar təkcə təqvimdə qeyd olunan bir tarix deyil, bütöv bir xalqın taleyini dəyişən dönüş nöqtəsidir. 15 İyun – Milli Qurtuluş Günü də məhz belə əlamətdar günlərdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, ölkədə sabitliyin bərpa olunması və gələcək inkişafın əsasının qoyulması baxımından xüsusi əhəmiyyət daşıyır. 1990-cı illərin əvvəlləri Azərbaycan üçün son dərəcə ağır və mürəkkəb dövr idi. Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz həm xarici, həm də daxili problemlərlə üz-üzə qalmışdı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, minlərlə insan öz doğma yurd-yuvasından didərgin düşürdü. Digər tərəfdən isə ölkədə siyasi qeyri-sabitlik hökm sürür, müxtəlif qruplar arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Dövlət idarəçiliyində yaranmış xaos və anarxiya ölkənin müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir mürəkkəb şəraitdə xalqın ümid yeri Ulu Öndər Heydər Əliyev oldu. Azərbaycan xalqının təkidli çağırışı ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni üzləşdiyi təhlükələrdən xilas etmək missiyasını öz üzərinə götürdü. 1993-cü il iyunun 15-də onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı oldu. Həmin gün sonralar Milli Qurtuluş Günü kimi tarixə düşdü.
Əslində Heydər Əliyevin dövlətçilik təcrübəsi və idarəçilik bacarığı xalqımıza əvvəlki illərdən yaxşı məlum idi. O, 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikanın inkişafı üçün mühüm işlər görmüşdü. Həmin illərdə sənaye inkişaf etmiş, kənd təsərrüfatında böyük nailiyyətlər əldə olunmuş, təhsil və elm sahələrinə xüsusi diqqət göstərilmişdi. Minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması üçün şərait yaradılmışdı. Bu siyasət sonradan müstəqil Azərbaycanın peşəkar kadr potensialının formalaşmasında mühüm rol oynadı. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin qarşısında duran əsas vəzifə ölkədə sabitliyi təmin etmək idi. İlk növbədə dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət idarəçiliyi gücləndirildi. Cəmiyyətdə birlik və həmrəylik mühiti formalaşdırıldı. İnsanlarda gələcəyə inam yarandı. Ölkədə sabitliyin bərpası bütün sahələrdə inkişaf üçün möhkəm zəmin yaratdı.
1994-cü ilin may ayında Ermənistanla atəşkəs sazişinin imzalanması ölkənin inkişafı üçün yeni imkanlar açdı. Müharibənin aktiv fazasının dayanması iqtisadiyyatın dirçəldilməsi və dövlət quruculuğu işlərinin sürətləndirilməsi baxımından mühüm rol oynadı. Eyni zamanda, müasir və peşəkar ordunun formalaşdırılması istiqamətində ciddi addımlar atıldı. Sonrakı illərdə Azərbaycanın hərbi qüdrətinin artmasının təməli məhz həmin dövrdə qoyuldu.
Azərbaycanın iqtisadi inkişafında dönüş yaradan mühüm hadisələrdən biri də 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” oldu. Bu müqavilə ölkəmizə böyük həcmdə xarici investisiyaların cəlb edilməsinə şərait yaratdı. Dünyanın aparıcı enerji şirkətlərinin Azərbaycanla əməkdaşlığa başlaması ölkənin beynəlxalq nüfuzunu artırdı və iqtisadi inkişafın əsasını qoydu. Neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın maliyyə imkanları genişləndi və böyük inkişaf layihələrinin icrası mümkün oldu.
Rəmzi Şirinov – Zərdab rayonu, Dəli Quşçu kənd tam orta ümümtəhsil məktəbinin direktoru


























