Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində Ağdam uzun illər ağır faciələrlə üzləşdi
Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük iqtisadi potensiala malik şəhərlərindən biridir. Qarabağın mühüm yaşayış məntəqələrindən olan Ağdam vaxtilə öz gözəlliyi, abad küçələri, geniş meydanları, inkişaf etmiş kənd təsərrüfatı, sənaye və ticarət imkanları ilə seçilirdi. Bu şəhər yalnız Ağdam rayonunun deyil, bütövlükdə Qarabağın ictimai, iqtisadi və mədəni həyatında mühüm yer tuturdu. Ağdamın adı çəkiləndə insanların yaddaşında canlı küçələr, geniş bağlar, zəhmətkeş insanlar, səs-küylü bazarlar, məktəblər, mədəniyyət ocaqları və qaynar şəhər həyatı canlanırdı.
Lakin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində Ağdam uzun illər ağır faciələrlə üzləşdi. 1993-cü il iyulun 23-də şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü, evlər, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri, tarixi və dini abidələr dağıdıldı, şəhərin infrastrukturu tamamilə məhv edildi. Bir vaxtlar insanların yaşadığı, çalışdığı və gələcək planları qurduğu Ağdam uzun illər xarabalığa çevrilmiş vəziyyətdə qaldı.
Ağdamın üzləşdiyi dağıntılar təkcə binaların və yolların məhv edilməsi deyildi. Burada insanların xatirələri, ailə ocaqları, uşaqlıq illəri, ata-baba yurdları, tarixi və mədəni irs də böyük zərbə aldı. Ağdam sakinləri uzun illər doğma torpaqlarına qayıtmaq, yenidən öz evlərində yaşamaq, əvvəlki həyatlarını bərpa etmək arzusu ilə yaşadılar. Onların bu arzusu heç vaxt sönmədi. Azərbaycan xalqı əmin idi ki, Ağdam bir gün azad olunacaq, yenidən qurulacaq və öz əvvəlki həyatına qovuşacaq.
Bu arzular 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə gerçəkləşdi. Azərbaycan Ordusunun şücaəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində noyabrın 20-də Ağdam rayonu işğaldan azad edildi. Bu tarix Ağdam sakinlərinin və bütün Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Ağdamın azad edilməsi ilə rayonun həyatında yeni bir dövr başlandı. Artıq qarşıda duran əsas vəzifə illərlə dağıdılmış şəhərin və kəndlərin yenidən qurulması, insanların doğma yurdlarına qayıdışının təmin edilməsi idi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Ağdamın yenidən qurulması bu prosesin əsas istiqamətlərindən birinə çevrildi. Dövlətimizin başçısının 2021-ci il mayın 28-də Ağdam şəhərinə səfəri zamanı şəhərin bərpasının təməl daşı qoyuldu. Bununla da Ağdamın yeni inkişaf mərhələsinin əsası qoyuldu. Şəhərin gələcək inkişafı təsadüfi və ayrı-ayrı layihələr əsasında deyil, vahid şəhərsalma konsepsiyasına uyğun şəkildə müəyyənləşdirildi.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru






















