Ermənistan “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib
Cənubi Qafqazda son dövrlərdə müşahidə olunan nisbi normallaşma meyilləri fonunda diqqətçəkən siyasi addımlardan biri də Ermənistanın mühüm beynəlxalq təşəbbüsə verdiyi dəstəkdir. Belə ki, Ermənistan rəsmiləri Avropa Siyasi Birliyinin (ASB) 2028-ci ildə keçiriləcək Zirvə görüşünün Azərbaycanda təşkil olunmasına müsbət yanaşdıqlarını bildiriblər. Bu qərar regionda diplomatik münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siqnal kimi qiymətləndirilir. Uzun illər davam edən gərginlik və qarşıdurmadan sonra belə bir təşəbbüsün dəstəklənməsi həm regional əməkdaşlıq, həm də Avropa ilə inteqrasiyanın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Ekspertlərin fikrincə, Ermənistanın bu addımı bir neçə mühüm məqsədə xidmət edir. İlk növbədə, bu, rəsmi İrəvanın beynəlxalq platformalarda daha konstruktiv mövqe sərgiləmək istədiyini göstərir. Eyni zamanda, bu qərar regionda sülh gündəliyinin təşviqi və qarşılıqlı etimadın artırılması istiqamətində atılmış addım kimi də dəyərləndirilir.
Azərbaycan üçün isə belə mötəbər tədbirə ev sahibliyi etmək ölkənin beynəlxalq nüfuzunun artması və diplomatik mövqeyinin möhkəmlənməsi baxımından böyük imkanlar yaradır. 2028-ci ildə keçiriləcək Zirvə görüşü, gözlənildiyi kimi, Avropa ölkələrinin liderlərini və yüksək səviyyəli rəsmiləri bir araya gətirərək regionun geosiyasi əhəmiyyətini bir daha ön plana çıxaracaq. Bundan əlavə, Avropa Siyasi Birliyi platforması çərçivəsində keçirilən görüşlər Avropa qitəsində təhlükəsizlik, iqtisadi əməkdaşlıq və enerji məsələlərinin müzakirəsi üçün vacib rol oynayır. Azərbaycanın belə bir platformaya ev sahibliyi etməsi isə ölkənin bu sahələrdə artan rolunu təsdiqləyir.
Ümumilikdə, Ermənistanın bu təşəbbüsə dəstək verməsi regionda yeni siyasi reallıqların formalaşdığını göstərir. Bu addımın gələcəkdə daha geniş əməkdaşlıq layihələrinə və sülh prosesinə müsbət təsir göstərəcəyi gözlənilir.
Vüsalə Kərimova – Zərdab şəhər 1 saylı məktəb liseyin direktoru





















