Əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur
Azərbaycanın xarici siyasətinin əsas xəttini qarşılıqlı etimad, qarşılıqlı hörmət və dövlətlərlə, beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq təşkil edir. Məhz bu prinsipial yanaşmanın nəticəsidir ki, ölkəmiz qlobal aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur, milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı beynəlxalq təşkilatlarla səmimi, konstruktiv və qarşılıqlı faydaya əsaslanan münasibətlər qurur. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə özünəməxsus mövqe qazanıb. Dövlət və hökumət başçılarının ölkəmizə qarşılıqlı səfərləri, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi və əməkdaşlıq platformalarının dəstəklənməsi də məhz bunun bariz göstəricisidir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, etibarlı tərəfdaş kimi qazandığı etimadın və həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təsdiqi kimi yadda qaldı.
Azərbaycan Avropa üçün mühüm strateji tərəfdaşdır. Bu səfər isə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, mövcud tərəfdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin yeni mərhələyə yüksəldilməsi məqsədi daşıyırdı. Görüşdən sonra Prezident cənab İlham Əliyev mühüm mesajlar verərək bildirdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçısı vurğuladı ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olmaqla yanaşı ölkəmiz də Cənubi Qafqazda Avropa İttifaqının ən mühüm iqtisadi tərəfdaşıdır. Cənab Prezident enerji sahəsində əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini, Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Azərbaycan qazının Avropa bazarındakı rolunun daha da artdığını diqqətə çatdırdı. Dövlət başçısı qeyd etdi ki, enerji təhlükəsizliyi müasir dövrdə milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib və Azərbaycanın həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin mühüm dayaqlarından biri olub. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri çərçivəsində həyata keçirilən layihələr ölkəmizin beynəlxalq yükdaşımalarında strateji mövqeyini daha da gücləndirib. Prezident cənab İlham Əliyev bərpaolunan enerji sahəsində geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu vurğulayaraq Azərbaycanın bu istiqamətdə də Avropa İttifaqının etibarlı və strateji tərəfdaşı olacağına əminliyini ifadə etdi. Regional təhlükəsizlik və sülh məsələlərinə də toxunan dövlətimizin başçısı Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın təmin edilməsinin regionun uzunmüddətli inkişafı üçün əsas şərt olduğunu bildirdi. Cənab Prezident qeyd etdi ki, bu məqsədə nail olmaq üçün qarşılıqlı etimadın möhkəmləndirilməsi və beynəlxalq tərəfdaşların dəstəyi mühüm əhəmiyyət daşıyır.
Zərdab şəhər 1-nömrəli məktəb liseyin direktoru-Vüsalə Kərimova






















