Əməkdaşlığımız müsbət mənada sürətlə inkişaf edir
2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana rəsmi səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcını nümayiş etdirdi. Azərbaycan ilə Avropa İttifaqı arasında yüksək səviyyəli siyasi təmasların intensivləşməsi bu inkişafın əsas göstəricilərindəndir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2026-cı ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, may ayında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas, iyul ayında isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycana səfər etmişdir. Bu ardıcıl yüksəksəviyyəli görüşlər tərəflər arasında siyasi etimadın möhkəmləndiyini və dialoqun institusional xarakter aldığını nümayiş etdirir. Enerji əməkdaşlığı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji sütunlarından biri olaraq qalır. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə 2022-ci ildə imzalanmış Strateji Enerji Tərəfdaşlığı Memorandumundan sonra Avropa ölkələrinə təbii qaz ixracının həcmi əhəmiyyətli dərəcədə artmışdır. Prezident İlham Əliyev bəyanatında vurğulamışdır ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirmiş, bu isə ölkəmizin beynəlxalq etibarlılığını daha da gücləndirmişdir. Səfər zamanı tərəflər yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsini də prioritet istiqamətlərdən biri kimi qiymətləndirmişlər. Xəzər dənizinin zəngin külək enerjisi potensialı, günəş enerjisi layihələri, elektrik enerjisinin ixracı və gələcəkdə yaşıl hidrogen istehsalı üzrə əməkdaşlıq Avropa İttifaqının enerji keçidi strategiyası ilə Azərbaycanın uzunmüddətli inkişaf prioritetlərinin uzlaşdığını göstərir. Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın alternativ enerji ixracatçısına çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əməkdaşlığın sürətli inkişafı yalnız enerji sektoru ilə məhdudlaşmır. Görüşlərdə Orta Dəhlizin inkişafı, Avropa ilə Mərkəzi Asiyanı birləşdirən nəqliyyat marşrutlarının genişləndirilməsi, rəqəmsal bağlantılar, logistika infrastrukturu və iqtisadi inteqrasiya məsələləri də geniş müzakirə olunmuşdur. Azərbaycanın coğrafi mövqeyi Avropa ilə Asiya arasında etibarlı tranzit qovşağı kimi ölkəmizin strateji əhəmiyyətini daha da artırır. Bu baxımdan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər nəqliyyat layihələri Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen çıxışında Avropa İttifaqının Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından və əsas investorlarından biri olduğunu vurğulamış, yeni hərtərəfli saziş üzrə danışıqların bərpasının iqtisadi əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini bildirmişdir. O, Avropa İttifaqının Cənubi Qafqazın sabit gələcəyinə inandığını, regionun Avropa, Xəzər hövzəsi və Mərkəzi Asiya ilə bağlantılarının gücləndirilməsində Azərbaycanın xüsusi rol oynadığını qeyd etmişdir.
Prezident İlham Əliyev bəyanatında münasibətlərin əsasının qarşılıqlı hörmətə, bərabərhüquqluluğa və etibarlı tərəfdaşlıq prinsiplərinə söykəndiyini xüsusi vurğulamışdır. Bu prinsiplər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək inkişafı üçün möhkəm siyasi baza formalaşdırır. Tərəflər regional sülhün möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf istiqamətlərində birgə fəaliyyət göstərmək əzmində olduqlarını bir daha təsdiqləmişlər.
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Kərimova Ülviyyə Mayis qızı
























