Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır `
Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibə, bu müharibənin nəticəsi olaraq ərazisinin 20 faizinin işğalı Azərbaycanda kənd təsərrüfatının inkişafını ləngitmişdi. İllər çəkən işğal müddətində min hektarlarla bağ sıradan çıxdı, neçə-neçə suvarma sistemi yararsız hala düşdü. Azərbaycan Ordusunun tarixi Zəfərindən sonra işğal olunmuş ərazilərdə quruculuq işləri başladı və böyük uğurlarla davam etməkdədir. Quruculuq işləri təkcə tikinti sahəsinə aid deyil, bu, həm də kənd təsərrüfatının bərpasına və inkişafına aiddir.
Prezident cənab İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışında bildirdi ki, tarixi Zəfərdən sonra bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu, Azərbaycanın Zəfərdən sonra da Zəfər qazanacağının zəmanətidir. Cənab Prezident bildirdi ki, “Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi”. “Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir”.
Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc


















