Dövlət dilinin inkişafı və qorunması istiqamətində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri
Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ana dili xüsusi yer tutur. Dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın tarixini, mədəniyyətini, milli kimliyini və dövlətçilik ənənələrini yaşadan əsas amillərdən biridir. Müstəqil Azərbaycanın dil siyasətinin formalaşması və dövlət dilinin mövqeyinin möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına hər zaman xüsusi diqqət yetirmiş, ana dilinin dövlət səviyyəsində tətbiqinin genişləndirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoymuşdur. Müstəqilliyin ilk illərində dövlət dilinin hüquqi statusunun möhkəmləndirilməsi və onun cəmiyyət həyatında daha geniş tətbiqinin təmin olunması məqsədilə mühüm addımlar atılmışdır.
Bu istiqamətdə ən mühüm tarixi sənədlərdən biri Ümummilli Lider Heydər Əliyev tərəfindən 2001-ci il iyunun 18-də imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman olmuşdur. Sözügedən Fərman müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşdirilməsi, inkişaf etdirilməsi və sistemli şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Fərmanda dövlət dilinin tətbiqi sahəsində mövcud məsələlər ətraflı təhlil edilmiş, Azərbaycan dilinin hərtərəfli inkişafı və dövlət idarəçiliyində istifadəsinin genişləndirilməsi ilə bağlı mühüm vəzifələr müəyyən edilmişdir.
Həmin Fərmanın mühüm müddəalarından biri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması olmuşdur. Bu qurumun yaradılması dövlət dilinin tətbiqi, qorunması və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əlaqələndirilməsi baxımından mühüm rol oynamışdır. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanı
Azərbaycan dilinin inkişafı və onun milli dəyər kimi qorunması istiqamətində atılan mühüm addımlardan biri də Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu qərar Azərbaycan dilinə dövlət səviyyəsində göstərilən yüksək diqqətin və ehtiramın bariz nümunəsidir. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli Fərmanı
Qloballaşan dünyada milli dillərin qarşılaşdığı müxtəlif çağırışlar fonunda Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Ümummilli Lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycan dilinin dövlət dili kimi mövqeyini daha da möhkəmləndirmiş, onun ictimai-siyasi, elmi, mədəni və idarəçilik sahələrində geniş istifadəsi üçün möhkəm hüquqi baza yaratmışdır.
Bu gün Azərbaycan dilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər məhz Ulu Öndərin müəyyən etdiyi milli dil siyasətinin davamıdır. Ana dilimizin qorunması və inkişaf etdirilməsi hər bir Azərbaycan vətəndaşının mənəvi borcu olmaqla yanaşı, xalqımızın milli varlığının və dövlət müstəqilliyinin mühüm göstəricilərindən biridir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə göstərdiyi diqqət və qayğı isə tariximizdə əbədi iz qoymuş mühüm xidmətlərdən biri kimi qiymətləndirilir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru





















