Digər vacib sahə Naxçıvanın tarixi-mədəni abidələrinin qorunmasıdır
Prezident İlham Əliyevin avqustun 11-də 2026-cı Naxçıvan Muxtar Respublikasına səfəri və səfərin yekununda Azərbaycan Televiziyasına verdiyi müsahibədə qeyd etdiyi kimi, regionda enerji böhranları və müxtəlif risklər artır. Müharibələr, enerji daşıyıcılarının nəqli ilə bağlı problemlər və nəqliyyat zəncirlərinin pozulması enerji təhlükəsizliyini getdikcə daha mühüm məsələyə çevirir. Belə bir şəraitdə Azərbaycanın enerji potensialının artırılması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi strateji əhəmiyyət daşıyır. Naxçıvanın qazla 100 faiz təmin olunması da bu strategiyanın mühüm hissəsidir. İranla qaz mübadiləsi mexanizminin yaradılması nəticəsində muxtar respublikanın qaz təminatının sabitliyi təmin edilib. Lakin Azərbaycanın baxışı artıq bununla kifayətlənmir. Bu gün Azərbaycanda Naxçıvan – yaşıl enerjinin yeni mərkəzi yaradılır. Naxçıvanın Günəş və su ehtiyatları onun bərpaolunan enerji sahəsində böyük imkanlara malik olduğunu göstərir. Prezidentin müsahibəsində bu potensiala xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Naxçıvanda Günəş elektrik stansiyalarının yaradılması, bərpaolunan enerji layihələrinə özəl sektorun cəlb edilməsi və enerji saxlanc sistemlərinin formalaşdırılması muxtar respublikanın gələcək enerji modelinin əsas elementlərindəndir. Bu istiqamət həm Azərbaycanın “yaşıl enerji” strategiyasına, həm də dünya enerji bazarında gedən dəyişikliklərə uyğundur. Beləliklə, Naxçıvan gələcəkdə yalnız öz enerji tələbatını ödəyən region kimi deyil, həm də enerji istehsal və ixrac edən mərkəz kimi formalaşa bilər. Bu, Naxçıvanın iqtisadi coğrafiyasında çox ciddi dəyişiklik deməkdir.
Dövlət başçısı Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirməyin çoxdankı arzu olduğunu bildirdi və bu istiqamətdə artıq hədəfə yaxınlaşıldığını vurğuladı. Bu məsələnin əhəmiyyəti yalnız nəqliyyat əlaqəsinin bərpası ilə məhdudlaşmır. Zəngəzur dəhlizinin reallaşması Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək, muxtar respublikanın Türkiyə və digər region ölkələri ilə iqtisadi əlaqələrini genişləndirəcək, yeni ticarət və logistika imkanları yaradacaq. Naxçıvanın uzun illər davam edən blokada şəraitindən çıxması onun iqtisadi potensialının tam şəkildə reallaşdırılması üçün mühüm şərtdir. Dəhlizin açılması ilə Naxçıvanın coğrafi məhdudiyyəti onun üstünlüyünə çevrilə bilər. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birləşdirilməsi gələcəkdə dəmir yolu, avtomobil yolu, enerji və kommunikasiya xətlərinin vahid sistemdə birləşməsinə imkan verə bilər. Bu, Naxçıvanı yalnız Azərbaycanın digər bölgələri ilə əlaqələndirməyəcək. Eyni zamanda, Azərbaycanı Türkiyə, İran və daha geniş Avrasiya məkanı ilə birləşdirən marşrutların imkanlarını artıracaq. Beləliklə, Naxçıvanın coğrafi mövqeyi yeni məna qazanır: vaxtilə təcrid yaradan coğrafi vəziyyət gələcəkdə tranzit üstünlüyünə çevrilə bilər. Ölkə Prezidentinin Naxçıvana 11 avqust səfəri çərçivəsində “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan”la tanış olması xüsusilə diqqətçəkən hadisədir. Bu fakt göstərir ki, Naxçıvanın inkişafına yalnız cari vəzifələr prizmasından yanaşılmır. Qarşıya uzunmüddətli hədəflər qoyulurBu baxımdan Baş Plan sadəcə şəhərsalma sənədi deyil. O, Naxçıvanın gələcək inkişaf fəlsəfəsinin mühüm hissəsidir. Naxçıvanın inkişafı yalnız yeni binaların, yolların və sənaye müəssisələrinin tikintisi ilə ölçülmür. Bu qədim diyarın tarixi-mədəni irsi də inkişaf strategiyasının mühüm hissəsidir. Möminə xatun türbəsinin bərpası və məşhur memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Naxçıvan Azərbaycan dövlətçilik tarixinin ən mühüm məkanlarından biridir. Əcəmi Naxçıvani kimi dünya memarlıq tarixində iz qoymuş sənətkarların irsinin qorunması həm milli yaddaş, həm də turizm baxımından əhəmiyyətlidir. Naxçıvanın təbiəti, mineral suları, tarixi abidələri, qədim memarlıq nümunələri və özünəməxsus mədəni mühiti onun turizm baxımından böyük imkanlara malik olduğunu göstərir.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc-tələbə























