Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır.
Avqustun 23-də Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət səfəri çərçivəsində keçirilən görüşlər iki qardaş ölkə arasındakı münasibətlərin strateji xarakterini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında səsləndirdiyi “Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır” fikri ölkədə son illərdə həyata keçirilən genişmiqyaslı dəyişikliklərin mahiyyətini ifadə edən mühüm siyasi qiymətləndirmə kimi diqqət çəkdi. Prezident İlham Əliyev Daşkəndə əvvəlki səfərləri ilə müqayisədə şəhərin və bütövlükdə ölkənin sürətli inkişafının aydın şəkildə müşahidə olunduğunu vurğuladı. Onun sözlərinə görə, bu dinamikanı həm iri layihələrdə, həm də gündəlik həyatın detallarında görmək mümkündür. Dövlət başçısı bu inkişafı Prezident Şavkat Mirziyoyevin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə və sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsi kimi qiymətləndirdi.
Özbəkistanın bugünkü mənzərəsi ardıcıl və məqsədyönlü islahatların nəticəsidir. Prezident İlham Əliyev çıxışında ölkənin iqtisadiyyatının şaxələndirilməsi, sənayenin və kənd təsərrüfatının inkişafı, investisiyaların cəlb edilməsi kimi istiqamətlərə xüsusi diqqət çəkdi. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün tamamilə fərqli Özbəkistan formalaşıb. Sənaye, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu sahələrində inkişafın sürətlənməsi ölkənin iqtisadi potensialını daha da artırır. Ən mühüm məqam isə ondan ibarətdir ki, bu proses yalnız paytaxtla məhdudlaşmır, regionları da əhatə edir.
Bu gün əməkdaşlıq enerji və nəqliyyatdan bankçılığa, kənd təsərrüfatından avtomobil sənayesinə, turizmdən dağ-mədən sektoruna qədər geniş sahələri əhatə edir. Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi layihələr də bu tərəfdaşlığın praktiki nəticələrini nümayiş etdirir. Səfər çərçivəsində bir sıra layihələrin açılışı və yeni layihələrin təməli qoyulub. Bunlar arasında “Davr Bank”, gips zavodu, STEAM məktəbləri, SOCAR-ın yanacaqdoldurma məntəqələri, yaşayış kompleksləri və digər investisiya layihələri yer alır.
23 avqust 2026-cı il tarixli dövlət səfəri çərçivəsində mühüm sənədlərin imzalanması, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi, yeni investisiya layihələrinin açılış və təməlqoyma mərasimləri Azərbaycan-Özbəkistan münasibətlərinin konkret nəticələr üzərində qurulduğunu göstərdi. Prezident İlham Əliyevin “Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır” fikri məhz bu reallığın siyasi ifadəsidir. Bu yüksəlişin arxasında iqtisadi islahatlar, yeni investisiya mühiti, sənayeləşmə, müasir şəhərsalma, insan kapitalına diqqət və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dayanır.
Bu gün Daşkəndin simasında yeni Özbəkistanın inkişaf ruhu aydın görünür. Azərbaycan və Özbəkistan arasında sürətlə dərinləşən münasibətlər isə göstərir ki, iki qardaş ölkə bu yüksəliş yolunda səylərini birləşdirərək daha böyük nəticələr əldə etmək əzmindədir. Qarşılıqlı etimad, tarixi-mədəni yaxınlıq və konkret iqtisadi layihələr üzərində qurulan tərəfdaşlıq gələcəkdə həm xalqlarımızın rifahına, həm də regionun davamlı inkişafına mühüm töhfələr verəcək.
Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev





















