Ciorcia Meloninin Azərbaycana səfəri bir daha təsdiqlədi ki, iki ölkə arasındakı münasibətlər ardıcıl şəkildə inkişaf edərək yeni məzmunla zənginləşir
Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri Bakı–Roma münasibətlərində yeni dinamikanın formalaşdığını bir daha nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və mətbuata verilən bəyanatlar göstərdi ki, tərəflər arasındakı əlaqələr artıq klassik enerji əməkdaşlığı çərçivəsini aşaraq daha geniş siyasi, iqtisadi və strateji məzmun qazanmaqdadır.
Cənab Prezident İlham Əliyev səfərin yekunlarına dair bəyanatında Azərbaycan–İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi vurğuladı. O qeyd etdi ki, bu əməkdaşlığın təməlində uzun illərə dayanan qarşılıqlı etimad və sabit siyasi dialoq dayanır. Xüsusilə 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri bu münasibətlərin hüquqi-siyasi bazasını daha da möhkəmləndirmişdir.
İqtisadi əlaqələrə nəzər saldıqda İtaliyanın Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biri olduğu aydın görünür. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin təxminən 12 milyard dollar səviyyəsinə çatması əməkdaşlığın real nəticələrini göstərir. Enerji sahəsində isə Azərbaycan qazının Avropaya ixracında İtaliyanın xüsusi çəkisi diqqət çəkir; ixrac edilən təbii qazın əhəmiyyətli hissəsi məhz bu ölkənin bazarına yönəlmişdir. Bu fakt Azərbaycanı Avropanın enerji təhlükəsizliyində etibarlı və əhəmiyyətli tərəfdaş kimi ön plana çıxarır.
Bu əməkdaşlığın əsas dayaqlarından biri Cənub Qaz Dəhlizi və onun mühüm hissəsi olan Trans-Adriatik Boru Kəməridir. Həmin layihə Azərbaycan qazının Avropa bazarlarına, xüsusilə İtaliyaya çatdırılmasını təmin etməklə yanaşı, tərəflər arasında qarşılıqlı asılılıq və strateji bağlılığı daha da gücləndirir. Bu kontekstdə enerji əməkdaşlığı təkcə iqtisadi deyil, həm də regional sabitlik və təhlükəsizlik amili kimi çıxış edir.
İtaliya Baş naziri Ciorcia Meloni də səfər zamanı Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirərək, Cənubi Qafqazda sülh və sabitliyin dəstəklənməsinin ölkəsinin prioritetlərindən biri olduğunu bildirdi. O, əməkdaşlığın yalnız enerji sektoru ilə məhdudlaşmadığını, sənaye, nəqliyyat, texnologiya və humanitar sahələrdə də genişlənməkdə olduğunu vurğuladı.
Son illərdə iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində də mühüm addımlar atılmışdır. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yatırdığı milyardlarla dollarlıq sərmayələr, həmçinin İtaliya şirkətlərinin Azərbaycanda və xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirdiyi layihələr əməkdaşlığın praktiki nəticələrini nümayiş etdirir. Bu proses qeyri-neft sektorunun inkişafına da əlavə impuls verir.
Humanitar və mədəni sahələrdə əməkdaşlıq da iki ölkə münasibətlərinin mühüm tərkib hissəsinə çevrilmişdir. Təhsil və mədəniyyət sahəsində həyata keçirilən layihələr, o cümlədən Bakıda fəaliyyətə başlamış İtaliya–Azərbaycan Universiteti bu əlaqələrin gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Artıq yüzlərlə tələbənin bu ali təhsil müəssisəsində təhsil alması mədəni körpülərin möhkəmlənməsinə xidmət edir.
Regional və qlobal müstəvidə isə Azərbaycan–İtaliya əməkdaşlığı daha geniş geosiyasi əhəmiyyət kəsb edir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı və Avropa ilə Asiya arasında bağlantıların gücləndirilməsi baxımından Bakı ilə Roma arasında formalaşan tərəfdaşlıq mühüm rol oynayır. Xüsusilə Orta Dəhlizin inkişafı bu əməkdaşlığın strateji perspektivlərini daha da genişləndirir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc






















