Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır
Prezident cənab İlham Əliyevin aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Səfər çərçivəsində aparılan müzakirələr təkcə mövcud əməkdaşlığın dərinləşdirilməsi deyil, həm də yeni strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hesab olunur. İlk növbədə, dövlətimizin başçısının vurğuladığı kimi, Bakı və Praqa arasında siyasi dialoq artıq fəal və dinamik xarakter alıb. Bu, tərəflər arasında qarşılıqlı etimadın artdığını və münasibətlərin institusional əsaslarının möhkəmləndiyini göstərir. Görüşün məhsuldar keçməsi və geniş gündəliyi əhatə etməsi əməkdaşlığın sistemli şəkildə inkişaf etdirildiyini təsdiqləyir. Regional və qlobal məsələlər ətrafında fikir mübadiləsinin aparılması Azərbaycan-Çexiya əlaqələrinin təkcə ikitərəfli çərçivə ilə məhdudlaşmadığını, daha geniş geosiyasi kontekstdə əhəmiyyət qazandığını ortaya qoyur. İqtisadi sahədə əməkdaşlıq xüsusi diqqət mərkəzində olub. Hazırda ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması müsbət dinamikanı əks etdir. Eyni zamanda, Azərbaycan neftinin ixracının üstünlük təşkil etməsi tərəfləri iqtisadi əlaqələrin diversifikasiyasına sövq edir. Bu baxımdan biznes-forumun keçirilməsi, Çexiyadan geniş iş adamları heyətinin Azərbaycana səfəri və konkret sərmayə layihələrinin müzakirəsi qarşıdakı dövrdə qeyri-neft sektorunda əməkdaşlığın genişlənəcəyinə işarədir. Bu, həm də Azərbaycanın iqtisadi şaxələndirmə strategiyasına uyğun gəlir. Energetika sahəsi isə ənənəvi olaraq tərəfdaşlığın əsas sütunlarından biri olaraq qalır.
Azərbaycan neftinin Çexiyanın enerji balansında mühüm yer tutması və ölkəmizin Avropa üçün etibarlı enerji təchizatçısı kimi qəbul edilməsi Bakı-Praqa xəttində strateji əhəmiyyət daşıyır. Azərbaycan qazının 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzvünə ixracı ölkəmizin enerji diplomatiyasının uğurunu nümayiş etdirir. Çexiyaya qonşu ölkələrə qaz ixracı isə bu əməkdaşlığın dolayısı ilə Praqanın enerji təhlükəsizliyinə töhfə verdiyini göstərir. Bununla yanaşı, tərəflər energetika əməkdaşlığını daha geniş prizmadan qiymətləndirir. Söhbət təkcə resursların ixracından deyil, uzunmüddətli və çoxşaxəli enerji tərəfdaşlığından gedir. Bu yanaşma Avropanın enerji təhlükəsizliyi kontekstində Azərbaycanın rolunu daha da gücləndirir və Çexiya ilə münasibətləri strateji səviyyəyə yüksəldir.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc






















