image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-8mthc9fkdu_16

Cəbrayılın Zəfər Salnaməsi- Qəhrəmanlıq, Bayraq və Tarixi Yaddaş

image-legitimaz-810x90

Cəbrayılın Zəfər Salnaməsi- Qəhrəmanlıq, Bayraq və Tarixi Yaddaş

 

Cəbrayıl rayonunun işğaldan azad edilməsi Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərin mühüm səhifələrindən biridir. Bu qələbənin əldə olunmasında Azərbaycan Ordusunun şəxsi heyətinin göstərdiyi qəhrəmanlıq və fədakarlıq xüsusi yer tutur. Cəbrayıl uğrunda gedən döyüşlərdə hərbi qulluqçularımız mürəkkəb relyef və düşmənin qurduğu müdafiə istehkamları ilə üz-üzə qalaraq qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmişlər.

Bu qəhrəmanlığın dövlət səviyyəsində qiymətləndirilməsinin göstəricilərindən biri “Cəbrayılın azad olunmasına görə” medalının təsis edilməsidir. 2020-ci il noyabrın 26-da təsis edilən bu medalla Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22 797 hərbi qulluqçusu təltif edilmişdir. Bu medal Cəbrayılın azadlığı uğrunda mübarizə aparan hərbçilərimizin xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsinin rəmzidir.

Cəbrayılın Zəfər tarixində Xudafərin körpüləri də xüsusi əhəmiyyət daşıyır. Araz çayı üzərində yerləşən bu qədim tarixi abidə Azərbaycan xalqının tarixinin və mədəni irsinin mühüm nümunələrindən biridir. 2020-ci ilin oktyabrında Xudafərin körpüsünün işğaldan azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin burada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması mühüm tarixi hadisə kimi yadda qalmışdır.

Xudafərin körpüsündə Azərbaycan bayrağının dalğalanması dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpasını ifadə edən simvolik hadisələrdən biri kimi tarixə düşmüşdür. Prezident İlham Əliyevin körpü üzərində Azərbaycan bayrağını ucaltdığı həmin görüntülər xalqımız üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Əsrlər boyu müxtəlif tarixi hadisələrin şahidi olmuş Xudafərin körpüsündə üçrəngli bayrağımızın ucaldılması Azərbaycanın öz tarixi torpaqlarında dövlət hakimiyyətinin bərpa olunmasının rəmzinə çevrilmişdir.

Azərbaycan dövləti Vətən müharibəsində qazanılmış Zəfərin tarixdə əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində də mühüm addımlar atmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi müəyyən edilmişdir.

Cəbrayıl şəhər gününün təsis edilməsi 4 oktyabr 2020-ci il tarixinin tarixi yaddaşımızda xüsusi yer tutmasını təmin edir. Bu tarix Cəbrayıl şəhərinin 27 illik işğaldan sonra azad edildiyi gün kimi Azərbaycan xalqının Zəfər salnaməsinin ayrılmaz hissəsidir.

“Cəbrayılın azad olunmasına görə” medalının təsis edilməsi, Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması və 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi müəyyən edilməsi Cəbrayılın Zəfər tarixinin müxtəlif istiqamətlərini – qəhrəmanlığı, dövlətçilik rəmzlərini və tarixi yaddaşın qorunmasını özündə birləşdirir.

Cəbrayılın azadlığı uğrunda döyüşən qəhrəmanlarımızın şücaəti, Xudafərin üzərində dalğalanan üçrəngli bayrağımız və 4 oktyabr – Cəbrayıl şəhəri günü xalqımızın Zəfər tarixinin əbədi yaddaşında yaşayacaqdır.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki