Bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi.
Müasir dövrdə kənd təsərrüfatının inkişafı texnologiyanın tətbiqi ilə sıx bağlıdır. Əvvəllər kənd təsərrüfatında bir çox işlər əl əməyinə əsaslanırdısa, bu gün müasir texnikalar və innovativ üsullar istehsalın daha səmərəli təşkilinə imkan yaradır. Müasir kombaynlar, traktorlar və digər texniki avadanlıqlar məhsul yığımını sürətləndirir və itkilərin qarşısını alır. Aqroparkların yaradılması isə kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Aqroparklarda istehsal, emal və satış proseslərinin bir mərkəzdə təşkil olunması məhsuldarlığın yüksəlməsinə və keyfiyyətli məhsul istehsalına şərait yaradır. Suvarma sistemlərinin yenilənməsi kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyət daşıyır. Azərbaycan əsasən quraq iqlimə malik ölkə olduğuna görə su ehtiyatlarından səmərəli istifadə vacib məsələlərdən biridir. Son illərdə yeni su anbarlarının tikilməsi, kanalların yenidən qurulması və müasir suvarma sistemlərinin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artmasına səbəb olmuşdur. Damcı suvarma sistemlərinin tətbiqi həm su itkisini azaldır, həm də torpaqdan daha səmərəli istifadə etməyə imkan verir. Kənd təsərrüfatının inkişafı regionlarda məşğulluğun təmin olunmasına da böyük təsir göstərir. Kənd yerlərində yaşayan insanların əksəriyyəti məhz bu sahədə çalışır. Yeni layihələrin həyata keçirilməsi, emal müəssisələrinin açılması və istehsalın genişləndirilməsi yeni iş yerlərinin yaranmasına səbəb olur. Bu isə əhalinin gəlirlərinin artmasına, yoxsulluğun azalmasına və insanların yaşayış səviyyəsinin yüksəlməsinə şərait yaradır. Regionların inkişafı ölkənin ümumi iqtisadi inkişafına da müsbət təsir göstərir. Gənclərin kənd təsərrüfatına marağının artırılması da mühüm məsələlərdən biridir. Əvvəllər bir çox gənclər kənd yerlərində yaşamaq və kənd təsərrüfatı ilə məşğul olmaq istəmirdilər. Lakin son illərdə aqrar sahədə yaradılan imkanlar, dövlət dəstəyi və müasir texnologiyaların tətbiqi gənclərin bu sahəyə marağını artırmışdır. Aqrar universitetlərdə və kolleclərdə təhsil alan gənclər yeni bilik və bacarıqlarla kənd təsərrüfatının inkişafına töhfə verirlər. Bu isə gələcəkdə aqrar sahənin daha da inkişaf etməsinə imkan yaradacaqdır. Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxışı da ildən-ilə genişlənir. Yerli məhsulların keyfiyyətinin yüksəlməsi onların beynəlxalq bazarda rəqabət qabiliyyətini artırır. Meyvə və tərəvəz məhsulları, pambıq, fındıq və digər kənd təsərrüfatı məhsulları müxtəlif ölkələrə ixrac edilir. İxracın artması ölkəyə əlavə gəlir gətirir və qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərir. Bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ekoloji baxımdan da kənd təsərrüfatının inkişafı mühüm rol oynayır. Torpaq ehtiyatlarının qorunması, su resurslarından düzgün istifadə və ekoloji təmiz məhsul istehsalı gələcək nəsillər üçün vacib məsələlərdir. Son illərdə orqanik kənd təsərrüfatına marağın artması da bunu göstərir. Ekoloji cəhətdən təmiz məhsullar həm insan sağlamlığı, həm də ətraf mühitin qorunması üçün böyük əhəmiyyət daşıyır.
Kənd təsərrüfatının inkişafı milli ənənələrin qorunmasına da xidmət edir. Azərbaycan xalqı tarix boyu torpağa bağlı xalq olmuşdur. Bağçılıq, üzümçülük, heyvandarlıq və digər sahələr xalqımızın qədim məşğuliyyət sahələri olmuşdur. Bu ənənələrin davam etdirilməsi milli-mənəvi dəyərlərin qorunması baxımından da mühüm əhəmiyyət daşıyır.
Bütün bunlar göstərir ki, kənd təsərrüfatına göstərilən diqqət təsadüfi deyil. Bu sahənin inkişafı ölkənin iqtisadi gücünün artmasına, regionların inkişafına, əhalinin rifahının yüksəlməsinə və ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Həyata keçirilən dövlət proqramları və islahatlar nəticəsində Azərbaycan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Kənd təsərrüfatı ölkə iqtisadiyyatının strateji sahələrindən biridir və onun inkişafı daim diqqət mərkəzində saxlanılır. Regionların inkişafı proqramları, fermerlərə göstərilən dəstək, müasir texnologiyaların tətbiqi və aqrar sahədə həyata keçirilən yeniliklər kənd təsərrüfatının gələcək inkişafı üçün geniş perspektivlər yaradır. Azərbaycanın aqrar potensialı olduqca böyükdür və bu potensialdan səmərəli istifadə olunması ölkənin davamlı inkişafına mühüm töhfə verir.
Veteran müəllim Vəfadar Niftəliyev



















