Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət formatına tamhüquqlu üzv olması Türk dünyasının əməkdaşlığının möhkəmləndirilməsi baxımından da əlamətdar hadisədir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan arasında tarixi və mədəni bağların mövcudluğu dövlətlərarası münasibətlərin inkişafı üçün əlverişli zəmin yaradır. Son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi də bu prosesə mühüm töhfə verir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələri Türk dünyasında siyasi, iqtisadi və humanitar həmrəyliyin gücləndirilməsinə xidmət edir. Bu baxımdan Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzvlüyü ölkəmizin yalnız regiondakı mövqeyinin deyil, bütövlükdə Türk dünyasındakı rolunun daha da möhkəmlənməsinə imkan yaradır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi ölkəmizin regional proseslərdə artan rolunun göstəricisidir. Azərbaycan artıq Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat və enerji qovşaqlarından biri kimi çıxış edir. Ölkəmizin coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu, enerji imkanları və sabit siyasi mühiti Mərkəzi Asiya dövlətləri üçün Azərbaycanı mühüm tərəfdaşa çevirir. Eyni zamanda, Mərkəzi Asiya ölkələri də Azərbaycanın regionun digər coğrafiyalarına çıxış imkanlarından faydalanmaqda maraqlıdır.
Azərbaycan ilə Mərkəzi Asiya arasında əməkdaşlıq qarşılıqlı tamamlayıcılıq prinsipinə əsaslanır. Bir tərəfdən Azərbaycanın Xəzər üzərindən Avropaya çıxış imkanları, digər tərəfdən Mərkəzi Asiyanın zəngin təbii ehtiyatları və artan iqtisadi potensialı yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.
Yeni imkanlar, yeni perspektivlər Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzvlüyü qarşıdakı dövrdə siyasi, iqtisadi və humanitar əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanlar açır. Qarşılıqlı ticarətin artırılması, investisiya layihələrinin genişləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, enerji əməkdaşlığının dərinləşdirilməsi və humanitar əlaqələrin möhkəmləndirilməsi əsas prioritetlər sırasında olacaq. Bu format çərçivəsində Azərbaycanın fəal iştirakı regional əməkdaşlığın daha geniş coğrafiyada inkişafına da müsbət təsir göstərə bilər. Azərbaycan öz təcrübəsi, infrastrukturu və təşəbbüsləri ilə regional layihələrin reallaşdırılmasına mühüm töhfə vermək imkanına malikdir. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin bundan sonra da qarşılıqlı etimad, hörmət və ümumi maraqlar əsasında inkişaf edəcəyi şübhəsizdir. Yeni əməkdaşlıq imkanlarının reallaşdırılması isə həm Azərbaycanın, həm də Mərkəzi Asiya dövlətlərinin iqtisadi və siyasi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə, regionda davamlı sabitlik və tərəqqinin möhkəmlənməsinə xidmət edəcək.
Ümid Hacısoy- Fəal gənc, Tələbə























