image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17864742393896030433_1200x630

Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir

image-legitimaz-810x90

Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir.

 

Azərbaycan son illərdə həyata keçirdiyi məqsədyönlü və uzunmüddətli enerji siyasəti nəticəsində regionun mühüm enerji mərkəzlərindən birinə çevrilib. Ölkənin zəngin neft-qaz ehtiyatlarının səmərəli şəkildə işlənilməsi, müasir enerji infrastrukturu və beynəlxalq enerji layihələrinin reallaşdırılması Azərbaycanın həm daxili enerji təhlükəsizliyini təmin etməsinə, həm də beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinə imkan verib. Bu siyasət artıq yalnız neft və qaz ixracı ilə məhdudlaşmır, bərpaolunan enerji, elektrik enerjisi ixracı və yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətlərini də əhatə edir.

Azərbaycanın enerji potensialı onun beynəlxalq əlaqələrinin inkişafında da mühüm rol oynayır. Xüsusilə Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq Azərbaycanın regional və qlobal əhəmiyyətini artırıb. Cənub Qaz Dəhlizi Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdıran əsas infrastrukturlardan biri olmaqla, Avropanın enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verir. 2026-cı ilin martında Azərbaycan və Avropa İttifaqı tərəfindən enerji əməkdaşlığının daha da genişləndirilməsi, o cümlədən bərpaolunan enerji və elektrik enerjisi interkonneksiyaları üzrə əməkdaşlığın inkişaf etdirilməsi bir daha təsdiqlənib.

Cənab Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində enerji təhlükəsizliyinə dair səsləndirdiyi fikirlər məhz bu geniş siyasətin mühüm istiqamətlərindən birinə diqqət çəkir: “Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir. Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin. Ona görə burada Azərbaycanın xüsusi rolu danılmazdır. Biz elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın. Bu məqsədlər üçün vaxtilə yenə də mənim təşəbbüsümlə biz İran İslam Respublikası ilə qaz mübadiləsi sazişini imzaladıq. Bu sazişə əsasən, İrandan Azərbaycana qaz kəməri çəkilmişdir və eyni zamanda, Azərbaycanın Astara rayonundan İran ərazisinə qaz nəqli təmin edilmişdir. Yəni biz Naxçıvanı mübadilə yolu ilə 100 faiz qazla təmin etdik.”

Naxçıvanın enerji təminatının İranla qaz mübadiləsi mexanizmi vasitəsilə təmin edilməsi ölkənin qonşu dövlətlərlə qarşılıqlı faydalı enerji əməkdaşlığının nümunələrindən biridir. Eyni zamanda, Naxçıvanın enerji sisteminin gələcəkdə Türkiyə və digər istiqamətlərlə əlaqələndirilməsi Azərbaycanın enerji ixracı imkanlarının genişləndirilməsi baxımından əlavə perspektivlər yaradır. Azərbaycan və Türkiyə arasında Naxçıvan istiqamətində enerji əməkdaşlığı, o cümlədən bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin ötürülməsi ilə bağlı layihələr də bu prosesin mühüm hissəsidir.

Bu istiqamətdə Azərbaycanın beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı da genişlənir. Avropa şirkətləri və maliyyə institutları ilə külək və günəş enerjisi layihələri, elektrik ötürücü xətləri, enerji saxlanc sistemləri və yaşıl enerji dəhlizləri üzrə əməkdaşlıq aparılır.

Cənab Prezident İlham Əliyevin Naxçıvanın enerji təminatı ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın ümumi enerji strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Ölkənin enerji siyasəti artıq yalnız mövcud resurslardan istifadə və ixrac üzərində qurulmur. Azərbaycanın qarşısında enerji təhlükəsizliyini daha da möhkəmləndirmək, bərpaolunan enerji potensialını genişləndirmək, qonşu və Avropa ölkələri ilə enerji əlaqələrini artırmaq və yeni ixrac marşrutları yaratmaq kimi strateji hədəflər dayanır.

 

Turanə Həsənli – Zərdab rayonu Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki