Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir
2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlər Azərbaycan ilə Avropa İttifaqı arasında strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev mətbuata bəyanatı zamanı vurğuladı ki, müasir dövrdə enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, hər bir dövlətin milli təhlükəsizliyinin əsas sütunlarından biridir. Dünyada baş verən geosiyasi dəyişikliklər, enerji bazarlarında müşahidə olunan dalğalanmalar və artan enerji tələbatı bu fikrin aktuallığını daha da artırır.
Azərbaycan zəngin enerji ehtiyatlarına malik olmaqla yanaşı, etibarlı tərəfdaş kimi formalaşmışdır. Ölkəmiz uzun illərdir ki, neft və təbii qazın təhlükəsiz, fasiləsiz və etibarlı şəkildə beynəlxalq bazarlara çatdırılmasını təmin edir. Xüsusilə Avropa ölkələrinin enerji təchizatında Azərbaycanın rolu son illərdə daha da artmış, enerji əməkdaşlığı qarşılıqlı etimad və uzunmüddətli tərəfdaşlıq prinsipləri əsasında inkişaf etmişdir. Bu əməkdaşlıq həm Azərbaycanın iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verir.
Son illərdə ölkəmiz ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan enerji sahəsinin inkişafına da xüsusi diqqət yetirir. Günəş və külək enerjisi üzrə həyata keçirilən layihələr Azərbaycanın “yaşıl enerji” strategiyasının mühüm tərkib hissəsinə çevrilmişdir. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişlənməsi həm ekoloji dayanıqlılığın təmin olunmasına, həm də enerji resurslarının daha səmərəli istifadəsinə xidmət edir. Nəticə etibarilə, Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji təhlükəsizliyi bu gün hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Azərbaycan öz etibarlı siyasəti, beynəlxalq öhdəliklərə sadiqliyi və həyata keçirdiyi irimiqyaslı enerji layihələri ilə regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı aparılan müzakirələr və verilən bəyanatlar da göstərdi ki, enerji sahəsində Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı gələcəkdə daha da genişlənəcək və qarşılıqlı maraqlara xidmət edəcəkdir.
Zərdab rayonu, Gəlmə kənd sakini Neman Səfərəliyev






















