Azərbaycan tarix boyu aqrar ölkə kimi tanınmışdır. Ölkəmizin münbit torpaqları, əlverişli iqlim şəraiti və zəngin təbii sərvətləri kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaratmışdır. Kənd təsərrüfatı yalnız iqtisadiyyatın vacib sahələrindən biri deyil, eyni zamanda insanların sosial rifahına, regionların inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına böyük təsir göstərən mühüm sahədir. Müstəqillik illərində bu sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Xüsusilə son illərdə həyata keçirilən dövlət proqramları, islahatlar və layihələr kənd təsərrüfatının inkişafına güclü təkan vermişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə iqtisadiyyatın inkişafı ilə yanaşı kənd təsərrüfatına da xüsusi diqqət yetirmişdir. Onun həyata keçirdiyi siyasət nəticəsində aqrar sahədə mühüm dəyişikliklər baş vermiş, torpaq islahatları həyata keçirilmiş və kənd əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Torpaqların kəndlilərə verilməsi kənd təsərrüfatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu siyasət kənd insanında torpağa bağlılığı daha da artırdı və kənd təsərrüfatı istehsalının genişlənməsinə şərait yaratdı. Bu siyasət sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. İlham Əliyevin rəhbərliyi dövründə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul edilmiş, kənd təsərrüfatının inkişafı üçün genişmiqyaslı layihələr həyata keçirilmişdir. 2004-cü ildən başlayaraq qəbul olunan regional inkişaf proqramları kənd təsərrüfatında yeni mərhələnin əsasını qoymuşdur. Həmin proqramlar çərçivəsində kənd yolları çəkilmiş, elektrik enerjisi, qaz və su təminatı yaxşılaşdırılmış, fermerlərin fəaliyyəti üçün daha əlverişli şərait yaradılmışdır. Bu gün dövlət xətti ilə həyata keçirilən bir çox layihələr kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Aqrar sahəyə dövlət dəstəyi nəticəsində kənd təsərrüfatında məhsuldarlıq artmış, yeni iş yerləri yaradılmış və kənd əhalisinin rifahı yüksəlmişdir. Dövlət tərəfindən fermerlərə subsidiyaların verilməsi, texnikaların güzəştli şərtlərlə təqdim olunması, gübrə və toxum təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafında mühüm rol oynamışdır. Kənd təsərrüfatının ən mühüm sahələrindən biri pambıqçılıqdır. Vaxtilə, xüsusilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı və ölkə iqtisadiyyatında mühüm yer tuturdu. Həmin dövrdə pambıqçılıq bir çox rayonların əsas gəlir mənbəyi idi. Minlərlə insan bu sahədə çalışırdı və pambıq istehsalı ölkənin iqtisadi gücünü artıran əsas sahələrdən biri hesab olunurdu. Lakin sonrakı dövrlərdə müxtəlif səbəblərə görə pambıqçılıq zəifləməyə başladı. Məhsuldarlıq aşağı düşdü, əkin sahələri azaldı və nəticədə pambıq istehsalı cəmi 20 min tona qədər gerilədi. Pambıqçılığın yenidən inkişaf etdirilməsi üçün dövlət tərəfindən mühüm tədbirlər həyata keçirildi. Aparılan islahatlar nəticəsində bu sahəyə maraq yenidən artdı. Fermerlərə maddi dəstək göstərildi, yeni texnikalar gətirildi və müasir becərmə üsulları tətbiq olundu. Nəticədə pambıq istehsalında ciddi artım müşahidə edildi. Məhsuldarlıq yüksəldi və bu gün artıq Azərbaycanda 360 min tondan çox pambıq istehsal olunur. Bu, aqrar sahədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Pambıqçılığın inkişafı xüsusilə bu sahədə ixtisaslaşmış rayonlarda yaşayan insanlar üçün böyük fayda vermişdir. Yeni iş yerlərinin açılması kənd əhalisinin gəlirlərini artırmış və sosial rifahın yüksəlməsinə səbəb olmuşdur.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri – Əvəz Soltanov


















