Bu gün COP29-un irsi gələcək bütün COP konfransları və qlobal yaşıl gündəlik üçün mühüm əhəmiyyət kəsb edir.
Müasir dövrdə dünyanın qarşısında duran ən böyük çağırışlardan biri iqlim dəyişmələri və ətraf mühitin qorunması məsələsidir. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, yaşıl texnologiyaların tətbiqi və dayanıqlı inkişaf prinsiplərinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi “Bu gün COP29-un irsi gələcək bütün COP konfransları və qlobal yaşıl gündəlik üçün mühüm əhəmiyyət kəsb edir” fikri Azərbaycanın iqlim məsələlərində qlobal təşəbbüslərə verdiyi töhfənin ifadəsi kimi qiymətləndirilir. Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq iqlim tədbirinə ev sahibliyi etməsi ölkəmizin qlobal ekoloji proseslərdə fəal iştirakının mühüm göstəricisidir. Bu tədbir yalnız iqlim dəyişmələri ilə bağlı müzakirə platforması deyil, həm də dünya dövlətləri arasında həmrəyliyin, əməkdaşlığın və ortaq məsuliyyətin gücləndirilməsi baxımından əhəmiyyətli mərhələ oldu.
Prezident İlham Əliyevin forumdakı çıxışında diqqət çəkilən əsas məqamlardan biri COP29-un nəticələrinin gələcək beynəlxalq iqlim konfransları üçün nümunəvi əhəmiyyət daşıması idi. Qlobal iqlim gündəliyinin uğurlu həyata keçirilməsi üçün dövlətlərin birgə fəaliyyət göstərməsi, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın gücləndirilməsi vacib amillərdən biridir. COP29 çərçivəsində müzakirə olunan məsələlərdən biri də iqlim dəyişmələrinin nəticələrinin aradan qaldırılması, maliyyə mexanizmlərinin təkmilləşdirilməsi və yaşıl enerjiyə keçidin sürətləndirilməsi olub. Bu istiqamətlər gələcək nəsillərin təhlükəsiz və sağlam mühitdə yaşaması üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan son illərdə yaşıl enerji sahəsində mühüm layihələr həyata keçirir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası” konsepsiyasının tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər ölkəmizin bu sahəyə verdiyi önəmi nümayiş etdirir.
Şuşada keçirilən IV Qlobal Media Forumu da Azərbaycanın ekoloji siyasətinin və beynəlxalq təşəbbüslərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm platforma oldu. Forumda müxtəlif ölkələrin media nümayəndələrinin iştirakı COP29-un nəticələri və Azərbaycanın iqlim diplomatiyası barədə obyektiv məlumatların yayılmasına imkan yaratdı.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onu qlobal iqlim proseslərinin fəal iştirakçısına çevirib. Bu tədbir göstərdi ki, Azərbaycan yalnız enerji resursları ilə deyil, həm də ekoloji təşəbbüsləri və innovativ yanaşmaları ilə beynəlxalq əməkdaşlığa töhfə verməyə qadirdir. COP29-un nəticələri yalnız bir tədbirin yekunu deyil, daha ədalətli, təhlükəsiz və ekoloji baxımdan dayanıqlı dünya qurmaq istiqamətində mühüm addım kimi tarixə düşür.
Zərdab rayon Hüseynxanlı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi-Əfsun Nuriyev























